Sadələşdirilmiş vergi bəyannaməsinin vergi orqanına təqdim edilməsi

Vergi ödəyiciləri sadələşdirilmiş vergi bəyannaməsini vergi orqanına elektron formada və ya kağız daşıyıcıda (poçt xidməti vasitəsilə və ya xidmət yerinə gəlməklə) təqdim edə bilərlər.

Elektron formada müraciət

Xidmətin elektron formada həyata keçirilməsi üçün istifadəçilərin Dövlət Vergi Xidməti tərəfindən verilmiş şifrə, parolu və ya gücləndirilmiş elektron imzası olmalıdır. Bunlardan istifadə etməklə istifadəçi sistemə daxil olaraq onlayn rejimdə sadələşdirilmiş vergi bəyannaməsini elektron formada tərtib edir və həmin sadələşdirilmiş vergi bəyannaməsini vergi orqanına təqdim edir. Ərizə iş vaxtı başa çatdıqdan sonra və ya qeyri-iş günündə sistemə daxil edilmişdirsə, bu halda onun icrası həmin gündən sonrakı ilk iş gününün əvvəlində həyata keçirilir.

Vergi ödəyicisinin Sadələşdirilmiş vergi bəyannaməsinin vergi orqanına onlayn təqdim edilməsi İnternet Vergi idarəsi portalının e-Bəyannamə, ƏDV-DH və ŞHV bölümü üzərindən aparılır. Açılan pəncərədən:

• “e-Bəyannamə” siyahısından “Online sadələşdirilmiş bəyannamə” seçilir və bəyannamə forması açılır;
• Açılmış online sadələşdirilmiş bəyannamə formasına məlumatlar daxil edilir;
• Məlumatlar daxil edildikdən sonra “Göndər” düyməsi sıxılaraq bəyannamə yüklənilir;
• Yüklənmiş bəyannamələrin sistem tərəfindən avtomatik yoxlanılması üçün – “Yoxla” düyməsinə basılır;
• Bəyannamədə səhv tapıldıqda bu barədə müvafiq mesaj çıxır. Yanıb-sönən mesaj düyməsi sıxılmaqla səhvin təfərrüatları ekrana çıxarılır. Aşkar edilmiş səhv aradan qaldırıldıqdan sonra proses davam etdirilir;
• Bəyannamədə səhv tapılmadıqda “təsdiq et” düyməsi sıxılır;
• Təsdiqdən sonra Sadələşdirilmiş vergi bəyannaməsinin vergi orqanına göndərilməsi barədə ekrana “Bildiriş” çıxır. Çap düyməsi ilə “Bildiriş” çap edilir.

Bəyannamə sistemə daxil edilərək istifadəçi tərəfindən təsdiqləndiyi andan sistemdə qeydiyyata alınmış olur və ona 16 rəqəmli qeydiyyat nömrəsi əks olunmuş bildiriş verilir.

Xidmət yerinə gələrək

Sadələşdirilmiş verginin ödəyiciləri hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq ödənilməli olan verginin məbləği haqqında vergi orqanlarına bəyannamə verir və həmin müddətdə vergini dövlət büdcəsinə ödəyirlər. Vergi ödəyicisi vergi orqanına gələrək bəyannaməni qəbul edən koordinasiya şöbəsinə daxil olaraq bəyannaməni təqdim etməlidir. Bəyannamə müvafiq qanunvericiliyin və ya qaydaların tələblərinə uyğun olduqda koordinasiya şöbəsi tərəfindən bəyannamə qeydiyyatdan keçirilir. Bəyannamənin vergi orqanı tərəfindən qəbul edilməsi barədə qeydlər sətrində qəbul edildiyi tarix və qeydiyyat nömrəsi göstərilməlidir.

Poçtla göndərməklə

Bəyannamə vergi ödəyicisi tərəfindən poçtla göndərildikdə, bəyannamənin vergi orqanına təqdim edildiyi vaxt onun poçta (rabitə təşkilatına) təqdim edildiyi gün hesab edilir. Poçtla daxil olan bütün bəyannamələr həmin gün qeydiyyata alınmalıdır.

Mənbə: www.taxes.gov.az

Mənbə:
0
93
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar