Ötən il Avstriyanın turizm sektorunda anti-rekord qeydə alınıb

Koronavirus böhranı ötən il Avstriyada turizm sektoruna ağır zərbə vurub və son 50 ilin ən pis göstəriciləri ilə başa çatıb.

Turizmplus.az AZƏRTAC-a istinadən xəbər verir ki, 2020-ci ildə Avstriyada turist gecələmələrinin sayı 97,9 milyona düşüb və bununla da son yarım əsrdə ilk dəfə olaraq 100 milyonluq mühüm sərhəd göstəricisindən aşağı olub. 2019-cu ili 152,7 milyon gecələmə ilə başa vuran turizm sektorunda geriləmə 35,9 faiz olub. Avstriya Statistika İdarəsinin verdiyi məlumata görə, təxminən 55 milyon gecələmə “itkisi“ ölkənin turizm iqtisadiyyatını bir neçə onillik geri sala bilər.

Turist gecələmələrinin azalması ilə yanaşı ölkədəki turistlərin sayı da kəskin aşağı düşüb (2019-cu ildə 46,2 milyon nəfərdən 2020-ci ildə 21,2 milyon nəfərə).

Statistika İdarəsinin rəhbəri Tobias Tomas bu vəziyyəti şərh edərkən bildirib ki, 2019-cu ildə ölkə turizmindən ən yüksək nəticə əldə edilib və gecələmələrin sayı 150 milyonluq hədəfi ötsə də, 2020-ci ildəki göstəricilər ötən əsrin 70-ci illərinin səviyyəsinə düşüb. Bu isə ölkədə bu sektorda bir çox müəssisələrin bağlanması, sahibkarların iflası və iş yerlərinin itirilməsi deməkdir.

Statistik göstəricilərə görə, Avstriya əyalətləri arasında ən ağır zərbə Vyana federal əyalətinə dəyib. Ötən il burada turist gecələmələrinin sayı 74 faiz azalaraq 4,6 milyona düşüb. Digər səkkiz federal əyalətdə isə geriləmə 17-36 faiz arasında olub.

Mütəxəssislərin ilk hesablamalarına görə, 2021-ci ildə turizm sektoru üçün ağır keçə bilər. Belə ki, 2020-2021-ci il qış mövsümünün ilk iki ayında gecələmələrin sayı 1,86 milyon olub (2019-20-ci il mövsümünün eyni dövründə isə 17.48 milyon).

Mənbə:
0
1281
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar