Səsində ay işığı var - Telli Pənahqızı (FOTOLAR

Əməkdar Mədəniyyət işçisi, Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının Şura üzvü, şairə, publisist, nasir Telli Pənahqızının doğum günüdür.

Təbrik edir, can sağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!

Biz Telli xanımın səsi ilə böyüdük. Onun zamanın güzgüsünü əks etdirən yazıları, ürəkləri titrədən misraları, ay işığına bənzər səsi içimizdə işıqlı izlər salıb. Bu səsin sehrinə düşüb televiziyaya, radioya üz tutmuşuq. Onun kimi jurnalist olmaq, yazı adamı olmaq istəmişik. Bu arzu, bu istək bizi paytaxt Bakımıza qədər yol keçməyə, ilk təhsil ocağı sayılan Bakı Dövlət Universitetinə, sözü özlərindən böyük olan Müəllimlərə tərəf gəlməyə, sözün ən gözəllərini yığıb-yığışdırıb ən seçilən adamları tanıtmağa, olub-keçənləri nağıl etməyə, içimizdə olanları töküb-töküşdürüb söz alıb-söz verməyə sövq edib...

Qısa arayış:

Telli Panah qızı Əliyeva (Telli Pənahqızı) 1954-cü il mayın 24-də Qərbi Azərbaycanda Vedibasar mahalının Böyük Vedi kəndində anadan olmuşdur. Burada kənd orta məktəbini bitirmişdir. 1971-76-cı illərdə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil almışdır.

Əmək fəaliyyətinə ilk dəfə 1977-1980-ci illərdə C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında baş kitabxanaçısı olaraq başlamışdır. Daha sonra 1980-1981-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində (Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti) müxbir, 1981-1982-ci illərdə Azərbaycan Dövlət Televiziyasının Gənclik redaksiyasında kiçik redaktor, 1982-1992-ci illərdə Dövlət Televiziyasının İctimai-siyasi və iqtisadi informasiyalar redaksiyasında redaktor, 1992-1993-cü illərdə Dövlət Televiziyasının İnformasiya studiyasının “Günün ekranı” Yaradıcılıq Birliyi rəhbərinin müavini, 1993-1995-ci illərdə Azərbaycan Dövlət Teleradio Şirkətinin İnformasiya xidməti rəhbəri, 1995-1997-ci illərdə Televiziyanın İkinci Proqram üzrə direktoru, 1997-2005-ci illərdə İkinci Proqram üzrə Baş proqram direktorunun müavini, 2005-ci ildən isə Azərbaycan Teleradio Verilişləri QSC Televiziya Proqramları direktorunun müavini vəzifələrində işləmişdir.

12 mart 2019-cu ildən Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasına Şura üzvü təyin edilmişdir.
O, bədii yaradıcılığa tələbəlik illərindən başlamışdır. Dövri mətbuatda şeir, oçerk və hekayələri dərc olunmuşdur.

Faiq Ağayevin oxuduğu "Məni sevərsənmi?" (bəstəkarı Novruz Aslan), Azərinin oxuduğu "Bizi intiqama çağırır cəngi" (bəstəkarı Gülsüm xanım) mahnılarının sözləri Telli Pənahqızınındır. Tanınmış müğənnilər Səyyad Əlizadə, Niyaməddin Musayev, Teymur Əmrah da şairənin sözlərinə yazılan mahnıları ifa edirlər.

Telli Əliyeva üç dəfə Həcc ziyarətində olmuşdur.

Telli Pənah qızı Əliyevanın əməyi Azərbaycan televiziyası və radiosunun inkişafındakı xidmətlərinə görə hər zaman dövlət tərəfindən yüksək qiymətləndirilmişdir.

Azırbsycan Respublikasının Prezidenti İlham Əliyevin 4 noyabr 2006-cı il tarixli, 1766 nömrəli sərəncamı ilə "Əməkdar Mədəniyyət işçisi" fəxri adına və Bakı şəhəri, 4 noyabr 2008-cı il tarixli 25 nömrəli sərəncamı ilə "Tərəqqi" medalına layiq görülmüşdür.

Həmçinin, müxtəlif illərdə “Qızıl qələm”, “H.B.Zərdabi”, “Məmməd Araz”, “Natəvan” mükafatlarına layiq görülmüşdür. “Ali Media” mükafatı laureatıdır.

O, "Ömrün qoşa izi", "Tanrımla söhbət", "Ayrılıqdan sonra çəkilmiş şəkillər", "Səsində ay işığı var", "Sizi sevən Sərdaram". "Ziya-Nurlan", "Səsin xiffəti". "Uzun, incə bir yol varmış", "Yaddaşım qaval daşı" kitablarının müəllifidir.

Azırbaycan Respublikasının Prezidenti İlham Əliyev 12 mart 2019-cu il tarixli Milli Televiziya və Radio Şurasına yeni üzvlərin təyin edilməsi haqqında Sərəncam imzalamışdır. Ölkə başçısının həmin sərəncamına görə Bəxtiyar Qaraca oğlu Balakişiyev və Telli Pənah qızı Əliyeva 6 il müddətinə Milli Televiziya və Radio Şurasına Şura üzvü təyin edilmişdir.
Telli xanımı bir daha təbrik edir, ona gələcək fəaliyyətində daha böyük uğurlar, sevinclər arzulayırıq!

Nurlanə Əliyeva,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Mənbə:
0
1137
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar