Qarabağ müharibəsindən sonra İran Qafqazda yeni rola iddia edir

İran xarici işlər nazirinin Bakıya səfəri zamanı Azərbaycanı Qələbə münasibətilə təbrik etməsi Tehranın bu məsələyə yanaşmasında dönüş nöqtəsi sayıla bilər. “Azərbaycanın ərazilərini geri qaytarmasından məmnunuq. O, artıq ərazi bütövlüyünü təmin edib və işğalın başa çatması ilə bölgə normal vəziyyətinə qayıdır”, - deyə nazir Bakıda bildirib.

“Tasnimnews” xəbər verir ki, ABŞ-ın “Quincy” İnstitutu Zərifin Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya və Türkiyəyə səfərilə bağlı təhlil aparıb və onu analitik hesabat şəklində dərc edib.

Hesabatda deyilir:

1. İranlı nazir Cənubi Qafqaz turunda regionun hər üç dövlətinin başçısı ilə görüşsə də, Tehranın yeni formalaşmaqda olan regional quruluşda hansı mövqedə olacağına aydınlıq gəlməyib.

2. Məhəmməd Cavad Zərifin yanvarın 25-də başladığı turne zamanı Bakı, Yerevan və Tbilisi ilə yanaşı, Moskva və Ankaraya da baş çəkib. Çünki Azərbaycanın son müharibədəki qələbəsindən sonra bölgədə yeni geosiyasi transformasiya baş verib. Belə bir şəraitdə burada Rusiya ilə yanaşı, İranla Türkiyə də dayaqlarını möhkəmləndirməyə çalışır.

3. Zərif Bakıda bildirib ki, onlar mümkün “3+3” formatına müsbət yanaşırlar və müharibədən sonra bu, həqiqətən də vahid regional platformaya çevrilə bilər. Söhbət üç Cənubi Qafqaz ölkəsi ilə İran, Rusiya və Türkiyədən gedir. İranın XİN başçısı Azərbaycan prezidenti İlham Əliyev ilə görüşündə deyib: “Mən sizin “3+3” təklifinizi qəbul edirəm və hər 6 ölkəyə səfər edəcəyəm. Ümid edirik ki, bu görüşlər region ölkələri arasında sülhün, normal münasibətlərin başlanğıcı olacaq”.

4. Cavad Zərifin Bakıya səfəri zamanı Azərbaycanı Qələbə münasibətilə təbrik etməsi Tehranın bu məsələyə yanaşmasında dönüş nöqtəsi sayıla bilər. “Azərbaycanın ərazilərini geri qaytarmasından məmnunuq. O, artıq ərazi bütövlüyünü təmin edib və işğalın başa çatması ilə bölgə normal vəziyyətinə qayıdır. İndi azərbaycanlılar öz ana yurdlarına qayıda bilər və bu işdə İran da onlara kömək etmək istəyir”, - deyə nazir qeyd edib.

Cavad Zərifin bu sözləri həm Bakı, həm də Yerevanda Tehranın mövqeyini dəyişməsi kimi qiymətləndirilir. Çünki İran indiyədək bu məsələdə bitərəf qalmağa üstünlük verirdi.

5. Azərbaycanın minval.az xəbər saytı yazır ki, “Azərbaycanın qətiyyətli hərbi qələbəsi Tehranı mövqeyini dəyişmək, Bakının üstünlüyünü qəbul etmək məcburiyyətində qoyub”. Başqa sözlə, yeni vəziyyətin yaranmasından sonra Cavad Zərif Azərbaycanla yeni münasibətlərə ümid edir. Azərbaycanın qələbəsi bölgədə siyasi reallığı da dəyişib.

6. Zərifin Bakıdakı açıqlamaları bir vaxtlar tamamilə passiv mövqe tutan İranın yanaşmasından fərqlənir. Tehran müharibənin gedişində İranda yaşayan çoxsaylı Azərbaycan türkünü sakitləşdirilmək cəhdləri ilə yanaşı, Türkiyənin Qafqazda artan nüfuzundan narahat olur, bu iki amil arasında sanki bir tarazlıq yaratmağa çalışırdı. Lakin müharibənin sonlarına yaxın o, sülh təşəbbüsü ilə çıxış etməyə başlamış, lakin bu cəhd elə başdan uğursuz olmuşdu.

7. Ermənilər bu təkliflər paketini İranın Azərbaycana meyllənməsi kimi qiymətləndirmişdi. Siyasi analitik Qarik Keryan açıq şəkildə deyirdi ki, İran əvvəllər ermənipərəst yanaşma nümayiş etdirdiyi halda, müharibənin başlamasından sonra passiv mövqe tutur. Üstəlik, artıq Tehran müharibənin nəticəsini – Azərbaycanın ərazilər üzərində nəzarəti ələ almasını müsbət qiymətləndirməyə başlamışdı. İran xarici işlər nazirinin Azərbaycanı Qələbə münasibətilə təbrik etməsi də buradan qaynaqlanır.

8. İranın sülh təklifinin məzmunu açıqlanmasa da, məlumdur ki, Tehran bunadək Dağlıq Qarabağla (Birinci Qarabaq müharibəsindən əvvəl ermənilərin sıx yaşadıqları bölgə) müharibə zamanı ermənilər tərəfindən işğal olunmuş ətraf bölgələri bir-birindən ayırmağın tərəfdarı kimi çıxış edirdi.

9. Yerevanda isə Zərif İranın Qafqazdakı ərazi bölgüsünə yanaşması ilə bağlı bunları deyib: “Ermənistan Respublikasının ərazi bütövlüyü bizim “qırmızı xətt”imizdir. Bunu hər zaman açıq demişik”. Bu, Ermənistan-Azərbaycan sərhədində hələ də qalmaqda olan bəzi qarışıqlıq məqamlarla bağlı narahatlıq yaşayan ermənilərin sakitləşdirilməsi cəhdi sayıla bilər. Üstəlik, Ermənistanın Dağlıq Qarabağda hələ də nəzarətdə saxladığı ərazilərin, o cümlədən Stepanakertin (Xankəndi - WM) gələcək taleyi tam aydın deyil.

10. İran üzrə analitik Eldar Məmmədov hesab edir ki, regional inteqrasiya ilə bağlı ümumi çıxışlar Tehranın real maraqlarını əks etdirmir. Azərbaycanlılar bütün nəqliyyat əlaqələrini müzakirə etməyi istəyirsə, İran üçün ərazi bütövlüyü, İranda yaşayan azərbaycanlı azlıq və İsrail amili hər şeydən üstündür.

11. Nə qədər təəccüblü olsa da, Zərif Yerevanda İrandakı erməni azlığından da bəhs edib, onlarla qədim əlaqələrindən söz açıb. Halbuki, o, Bakıda olarkən İranda yaşayan və sayca daha çox olan etnik azərbaycanlılardan danışmamışdı.

Mənbə:
0
1434
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar