Putin-Paşinyan danışıqlarının nəticələri məlum olur - Ermənilər narazıdırlar

"Rusiya sülhməramlılarının nəzarəti altında olan Azərbaycan ərazilərində son günlər erməni diversantların "fəallaşması" təsadüfi deyil. Xüsusi ilə də bunun Moskvada keçirilən Putin-Paşinyan görüşü fonunda baş verməsi onu göstərir ki, Cənubu Qafqazda nəqliyyat kommunikasiyalarının açılması, iqtisadi əlaqələrin bərpa olunması ilə bağlı ötən ilin noyabrın 9-dan 10-a keçən gecə və bu ilin yanvarın 11-də imzalanan üçtərəfli bəyanatların icrası tam reallaşmaq üzrədir".

Bunu Milli.Az-a açıqlamasında Moskvada yaşayan siyasi ekspert Fərid Əkbərov deyib.

Siyasi şərhçi bildirib ki, yaxın vaxtlarda Rusiyada dövlət rəhbərləri səviyyəsində növbəti üçtərəfli görüşün keçirilməsi mümkündür:

"Dünən Ermənistan baş nazirinin MDB ölkələrinin videokonfrans formatında keçirilən sammitində Azərbaycanın Naxçıvana avtomobil yolu və dəmir yolu əlaqəsi əldə edəcəyi ilə bağlı çıxışı da üçtərəfli bəyanatların icrasının tam reallaşmaq üzrə olduğunun sübutudur. Xatırladım ki, Ermənistan rəhbərliyi indiyə kimi Zəngəzur dəhlizinin açılmasının əleyhinə bəyanatlar səsləndirirdi. Rəsmi İrəvan Azərbaycanın Naxçıvanla ancaq dəmir yolu ilə əlaqəsini təmin olunmasının mümkünlüyünü bildirirdi. Məndə olan məlumata görə, Paşinyanın Moskvaya səfəri zamanı Putinlə görüşdə müzakirə olunan əsas mövzu məhz Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması, iqtisadi əlaqələrin bərpa olunması olub. Kreml 10 noyabr bəyanatının tam icra olunmasının tərəfdarıdır. Məhz bu məqam Paşinyana Moskvada Putinlə danışıqlar zamanı xatırladılıb.

Ermənistana Qarabağla əlaqə üçün Azərbaycan ərazisindən Laçın dəhlizi verilirsə, eyni ilə Naxçıvana da Ermənistan ərazisindən dəhliz verilməlidir. Hər iki dəhlizin təhlükəsizliyini 10 noyabr bəyanatında qeyd olunduğu kimi Rusiya tərəfi cavabdeh olacaq. Görünən odur ki, artıq Zəngəzur dəhlizi tam reallaşmaq üzrədir. Ona görə də, Paşinyanın siyasətindən narazı olan daşnak qüvvələr, xüsusi ilə də arxası Rusiyadakı erməni diasporuna bağlı olan qüvvələr bölgədə aktivləşməyə başlayıb. Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazilərdə təxribatlar törədərək Putin-Paşinyan danışıqlarının nəticələrinə bu yolla etirazlarını bildirirlər. Çox güman ki, üçtərəfli bəyanatların icrası tam reallaşanadək biz bu cür təxribatların hələ çox şahidi olacağıq.

Rusiyadakı erməni diasporunun, ümumilikdə dünya erməni lobbisinin proseslərə təsir etmək cəhdləri davam edir və edəcək. Qarabağın işğaldan azad olunması ilə barışa bilməyən dünya erməni lobbisi öz rıçaqları vasitəsi ilə rəsmi Moskvanın qərarlarına təsir göstərmək fikrindən daşınmayacaqlar, xüsusi ilə də Rusiya hakimiyyətinin hərbi qanadına... Lakin rəsmi Moskva da Bakı kimi hesab edir ki, Qarabağ münaqişəsi artıq arxada qalıb. Ona görə də Rusiya rəsmiləri də "Dağlıq Qarabağ münaqişəsi" terminindən istifadə etmir. Rəsmi Moskva "münaqişənin nəticələrinin aradan qaldırılması" terminindən istifadə edir. Bu o deməkdir ki, münaqişə bitib və onun nəticələrini aradan qaldırmaq lazımdır. Kreml üçün münaqişə bitib.  Xatırladım ki, 10 noyabr sazişindən sonra Rusiya prezidenti keçirdiyi Təhlükəsizlik Şurasının daimi üzvlərinin iclasında "tezliklə "Dağlıq Qarabağ münaqişəsi" ifadəsini işlətməyəcəyik" deyə bildirmişdi. Oktyabrın Moskvada 13-də Rusiya, Azərbaycan və Emrənistan dini liderlərinin üçtərəfli görüşündə rus Provaslav Kilsəsinin rəhbəri Patrairx Kirillin bəyanatında "münaqişənin nəticələrinin aradan qaldırılması" ilə bağlı ifadənin erməni lobbisinin nəzarəti altında olan Rusiya dövlət KİV-lərində, xüsusi ilə də "RİA Novosti"də təhrif olunması onu göstərir ki, Rusiyada müəyyən qüvvələr bu münaqişənin davam etməsində maraqlıdırlar. Ona görə də, həmin qüvvələr regionda kommunikasiyaların açılmasına, iqtisadi əlaqələrin bərpa olunmasına bölgədə təxribatlar törədərək qarşı çıxırlar.       

Düşünürəm ki, bu səbəbdən Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması də hələ bir qədər gecikəcək. Sülh sazişi Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tam tanımayana qədər imzalanmayacaq. Paşinyan hakimiyyətinin erməni daşnak lobbisininin təsirini tam zərərsizləşdirməyənə qədər bu mümkün görünmür. Amma sül sazişi imzalanana qədər Rusiyanın vasitəçiliyi ilə dövlət başçılarının üçtərəfli görüşü yaxın perspektivdə real görünür. Azərbaycan və Emrənistan liderlərinin görüşlə bağlı isti mesajlar verməsi buna dəlalət edir. Yaxın vaxtlarda Rusiya ərazisində üçtərəfli görüşün keçirilməsi mümkündür. Lakin bu görüşdə sülh sazişi deyil, 10 noyabr və 11 yanvar bəyanatlarının yekunu kimi növbəti üçtərəfli bəyanatın imzalanması mümkün ola bilər".

Təhməz Əsədov
Milli.Az

Mənbə:
0
114
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar