Türkiyə-İran sərhədində nələr baş verir?..

Əhəd Məmmədli: “Azərbaycan hansı ölkə ilə qarşıdurmaya gedibsə, Türkiyə birmənalı olaraq yanımızdadır”

Türkiyə İran yük maşınları üçün özünün sərhəddəki bütün nəzarət-buraxılış məntəqələrini bağlayıb. Bu haqda Türkiyədəki İranla ticarətin inkişafı Assosiasiyasının rəhbəri Özcan Alaş bildirib.

Onun sözlərinə görə, bu qərar Türkiyə TIR-larının İrana keçidinə qadağanın qoyulmasına cavab olaraq verilib: “İranla Türkiyə arasında ticarət dövriyyəsi İranla Azərbaycan sərhədindəki gərgin situasiyaya görə tam dayandırılıb”.

Xatırladaq ki, İran bir neçə gün əvvəl Azərbaycan sərhədləri yaxınlığında genişmiqyaslı təlimlər keçirib. Tehran Azərbaycanı “İsraili regiona gətirməkdə” ittiham edərək, Bakıya qarşı açıq düşmənçilik fəaliyyəti həyata keçirir. İranın keçirdiyi təlimlərin ardınca Naxçıvanda növbəti Türkiyə-Azərbaycan hərbi təlimləri başlayıb. Görünən budur ki, İranın son şıltaqlığı ona həm də iqtisadi cəhətdən baha başa gələcək. Onsuz da iqtisadiyyatı pis vəziyyətdə olan İrana qarşı Türkiyənin belə bir addım atmasının onun üçün ağır nəticələr verəcəyinə şübhə ola bilməz. Türkiyənin bizə yönəlik bu jestini necə dəyərləndirmək olar?

Politoloq Əhəd Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Türkiyə bir daha əsl müttəfiq olduğunu nümayiş etdirdi: “Bu münasibət 1918-ci ildən indiyə kimi davam edir. Fikir verək, Azərbaycan hansı ölkə ilə qarşıdurmaya gedibsə, Türkiyə birmənalı olaraq yanımızdadır. Həmin ölkəyə qarşı olur. Hulisi Akar demiş, “biz dost yox, qardaş ölkələrik”. Qoy bunu hamı bilsin. Təəssüf ki, bizim daxilimizdə də bunu istəməyənlər var. Hətta yuxarı eşelonlarda belə, bizim Türkiyə ilə münasibətlərimizi qısqananlar mövcuddur. İran üçün bunun ağır nəticələri olacaq. Çünki Türkiyə İran üçün dünyaya çıxış deməkdir. İranla Türkiyənin birbaşa quru sərhədi var. İqtisadi sanksiyalar girdabında boğulan bir ölkə faktiki olaraq iki qonşu ölkə ilə münasibətini korlayır. Özü də heç bir əsası olmayan detala görə. Əslində isə İran həm də Türkiyənin fəallığını qısqanır. Azərbaycanın Türkiyə ilə münasibətini hər hansı başqa ölkə ilə qarışdırmaq olmaz. Biz əbədi qardaş ölkələrik. Yaxşı olardı ki, İran öz səhvlərini anlasın. Artıq onlardan yumşalma ilə bağlı mesajları hiss edirik. Düşünürəm ki, yaxın zamanlarda İran həm Türkiyə, həm də Azərbaycanla münasibətləri normaya salmaq istiqamətində ciddi addımlar atacaq. Biz Türkiyədə analoji jestləri çox görmüşük. Ermənistanla sərhədin açılmasını da məhz Qarabağ faktoru, işğal amilinə görə saxladı. Bütün dünyanın təkidlə tələb etdiyi Sürix razılaşması məhz həmin amilə görə həyata keçmədi. Azərbaycan da bunları cavabsız qoymur. Dəfələrlə görmüşük ki, Türkiyənin iştirakı olmayan məclislərdə Azərbaycan Prezidenti qardaş ölkəyə yönəlik ittihamlara sərt cavab verib. “Türkiyə burada yoxdursa, biz varıq” deyib. Ermənistanla Türkiyənin münasibətlərinə dair olan açıqlamasında da Prezident İlham Əliyev məhz İrəvandan öz konstitusiyasını dəyişməyi tələb etdi. Çünki orada Türkiyəyə qarşı ərazi iddiaları yer alır. Türkiyə prezidenti isə Zəngəzur dəhlizinin açılmasını istədi. Bütün bunlar iki ölkə arasındakı münasibıtlərin qardaşlıq səviyyəsində olduğuna ən bariz sübutdur”.

Məhəmmədəli QƏRİBLİ

Mənbə:
0
338
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar