Qısqanc İran sərhəddə hərbi təlim adıyla təxribat törədə bilərmi?

44 günlük Qarabağ müharibəsi və ardından işğalçı tərəfin qısa zamanda acınacaqlı məğlubiyyəti dünyaya böyük səs salmaqla yanaşı, qonşuları da bir qədər təşvişə salıb. Sürətlə gedən infrastruktur işləri və sərhədlərin dünya xəritəsində yenidən cızılması xüsusilə qonşu İranı narahat edir. Son həftələrdən bəri tələm-tələsik hərbi təlimlərə start verən İran sanki Azərbaycana nəyisə ifadə etmək üçün hərbi qüvvələri və zirehli maşınlarını Azərbaycanla olan sərhəd bölgəsinə toplayıb. Səbəb isə tam məlum deyil.

Qeyd edək ki, son günlər ardı-ardınca Azərbaycanın Türkiyə və Pakistan hərbi birləşmələri ilə birgə təlimləri keçirildi. Təlimlərdən biri İranın yaralı yeri olan Xəzər hövzəsində də sanki qonşuya göz dağı vermiş oldu. Bundan əlavə Naxçıvanda qardaş Türkiyə ilə birgə hərbi təlimlər İranı dərindən səksəkəyə saldı.

Əslində İran yaxşı bilir ki, Azərbaycan heç bir zaman qonşu torpağına göz tikməyib və təlimlərin məqsədi işğalçılıq deyil. Əksinə regionda təhlükəsizliyin təmin edilməsi üçün hazırlıq tədbiri görmək üçündür.

İranın hərbi təlimləri ilə bağlı Qərb mətbuatı da maraqlı şərhlər verib. Ötən gün ABŞ-dan olan məşhur analitik, Rusiya və Qafqaz üzrə siyasi ekspert Pol Qoble “windowoneurasia” xəbər portalında İranın hərbi təlimi ilə bağlı şərhini dərc edib. Onun sözlərinə görə İran hərbi təlimlərinin səbəbi Azərbaycanın Türkiyə Naxçıvandakı hərbi təlimləri olub.

Digər xəbər portalları, xüsusilə Azərbaycanla strateji müttəfiq olan İsrail tərəfinin verdiyi şərhlərdə İranın vahiməsinin səbəbi İsraillə bağlı olması ilə əlaqələndirilir. Vətən müharibəsi zamanı, habelə müharibədən sonra Azərbaycana olan marağından dolayı Qarabağda yenidənqurma işlərində bilavasitə iştirak edən İsrail İranı son dərəcə qısqandıraraq çılğına döndərib. Beləliklə, nəticə onu göstərir ki, İranın Azərbaycanla bağlı planları qaydasında deyil. Odur ki, xoşməramlı olmayan qonşu sərhəd yaxınlığında hərbi oyunlara əl atıb.

İranın bu addımı ilə bağlı azərbaycanlı siyasi ekspert, Orta Şərq Araşdırmalar mərkəzinin rəhbəri Sədrəddin Soltan da EDNews.net-ə şərh verib.

O Azərbaycan və İran arasında dəfələrlə diplomatik danışıqların baş tutmasına rəğmən, İranın təkrarən hərbi təlimlər keçirməklə nəyi ifadə etmək istədiyinə aydınlıq gətirib.

“İran tərəfi Azərbaycan sərhədi yaxınlığında hərbi təlimlər keçirməklə Azərbaycana qarşı heç də səmimi olmadığını bir daha nümayiş etdirir. Bilirsiniz ki, bu hərbi təlimlərə qədər İranla Azərbaycan arasında çoxsaylı diplomatik görüşlər və danışıqlar olub. Görünür bu görüşlər və danışıqların nəticəsi İran üçün qəanətbəxş olmayıb. Yaxud da belə desək, İran hərbi təlimlərə start verməklə Azərbaycanın ona olan münasibətinin onun üçün maraqlı olmadığını ifadə etməyə çalışır. Bu da o mənaya gələ bilər ki, İran Azərbaycana acıq olaraq sərhəddə yenidən manevrlər keçirir.

Bir məlumatı da qeyd edim ki, İran Silahlı Qüvvələri Baş Qərargah Əməliyyatlar üzrə rəisi Mehdi Rabbani Azərbaycanla İran sərhədində yerləşən 25-ci Kommandos briqadasına baş çəkib. O deyib ki, İran qonşu ölkələrlə dostluq şəraitinin İsrailin xeyrinə dəyişməsinə imkan verməyəcək. Qeyd edim ki, bu İranın Azərbaycanı özünəməxsus hədələməsidir. Həmçinin İran generalı demək istəyir ki, guya rəsmi Tehranın Ermənistana yardım etməsi Azərbaycanın İsraillə münasibətlərinə görədir. Başqa sözlə İran həm də İsrailə qarşı düşmənliyinin hayıfını Azərbaycandan Ermənistana yardım etməklə çıxır. Onu deyə bilərəm ki, bu İranın köhnə vərdişi və oxuduğu bayatıdır,” deyə o vurğulayıb.

Sədrəddin Soltan həmçinin İranın təlim zamanı hər hansı bir təxribata meyillənməsinin mümkün olub-olmaması barədə də açıqlama verib: “Əslində bir ölkənin öz ərazisində hərbi təlim keçirməsi onun hüquqi və haqqıdır. Həmçinin İranın təlimlər zamanı Azərbaycana qarşı hansısa təxribat törədə bilməsi o qədər də inandırıcı deyil. Çünki İran yaxşı bilir ki, Azərbaycana qarşı təxribata əl atması onun üçün xoş olmayan nəticələrə gətirib çıxaracaq. Azərbaycan tərəfi təxribat olarsa İrana adekvat cavablar da verə bilər. Lakin bunun baş verməsi o qədər də inandırıcı deyil”.

Siyasi şərhçi eyni zamanda İranla Azərbaycan arasında olan hazırki münasibətlərin nə zamansa ciddi münaqişəyə səbəb ola bilmə ehtimalı ilə bağlı fikrini bildirib. Onun sözlərinə görə hazırki proseslər hansısa müharibə və ya silahlı münaqişəyə zəmin yaratmır.

“Bu cür demarşlar bəzən digər dövlətlər arasında da baş verib. Bu səbəbdən də bunu İranın demarşı kimi də qəbul etmək olar. Yəni daha açıq desək, İran bu hərəkəti ilə regionda yeganə güclü tərəf olduğunu göstərməyə çalışır. Hesab edirəm ki, bu kimi proseslər keçicidir və İran artıq Ermənistanın tutduğu işğalçı mövqeyindən və onun aqibətindən dərs alın. Bu səbəbdən də mən düşünürəm ki, İran yenidən Azərbaycan və Türkiyə ilə bir masada oturaraq bu kimi məsələləri müzakirə edəcək və ortaq bir kompromisə gəlinəcək”.

Elnur Ənvəroğlu

Mənbə:
0
347
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar