Komitə rəsmisi: "Biz döyüşə gedirik"

Avqustun 24-dən sentyabrın 5-dək Tokioda daha bir kütləvi idman həyəcanı yaşanacaq. Meydan bu dəfə paralimpiyaçıların ixtiyarına veriləcək.

 

16-cı Paralimpiadaya Azərbaycan 36 lisenziya qazanıb. Komandamız Oyunlara rekord iştirakçı ilə qatılacaq. Lisenziyalardan 12-si para-atletika, 11-i paracüdo, 4-ü parataekvondo, 4-ü pauerliftinq, 3-ü üzgüçülük və 2-si güllə atıcılığı növündədir.

 

Fanat.Az paralimpiyaçılarımızın imkanlarını Milli Paralimpiya Komitəsinin baş katibi Kamal Məmmədovla müzakirə edib.

Komitə rəsmisi paralimpiyaçıların qarşısında duran minimum məqsədin London 2012-dəki 4 qızıl nəticəsini təkrarlamaq olduğunu deyib: "Bu, tarixin ən güclü komandasıdır. Həm ümumi say, həm də heyətdəki titullu idmançıların çoxluğu ümidlərimizi artırır. Qarşıda duran ilk məqsəd London Paralimpiya Oyunlarındakı keyfiyyət göstəricisini ən azından təkrarlamaqdır. Biz o vaxt 4 qızıl əldə etmişdik. Bunu təkrarlamaq bizə heç vaxt əlçatmaz görünməyib. İndiki halda daha da yaxşılaşdırıb, yuxarı pillələrdə qərarlaşmaq olar.

Komandanın hər bir üzvü ilə ayrı-ayrılıqda hər gün əlaqə saxlayırıq. Vəziyyətləri ilə maraqlanırıq. Hamısı necə məsuliyyətli yarışa yollandığını başa düşür. Hər birinin çantasında Azərbaycan bayrağı olacaq. Biz döyüşə gedirik. Onlar Tokio Paralimpiya Oyunlarına savaş meydanı kimi yanaşırlar. İnşallah, bu sınaqdan alnıaçıq, üzüağ çıxacağıq".

Baş katib əsas medal ümidi kimi dəyərləndirilən idmançıların adlarını açıqlayıb: "Komandamızın tərkibində Paralimpiya, dünya çempionları da var, çox perspektivli gənclər də. Əvvəlki Paralimpiadalarda çempion olan İlham Zəkiyev, Ramil Qasımov, Oloxan Musayevin titullarının sayını daha da artıracağına inanırıq. Ümumiyyətlə, cüdo və atletika milliləri bizim əsas medal şanslarımızdır. Həmçinin 4 taekvondoçumuzun hər biri mükafatlara namizəddir. Eləcə də bizim gənc atıcımız Kamran Zeynalovun son nəticələri hamımızı ümidləndirib. Onun komanda yoldaşı Yelena Taranova artıq 6-cı Paralimpiya Oyunlarına qatılacaq".

Məmmədov olimpiyaçılarımızın uğursuzluğunun paralimpiya komandamıza psixoloji təsiri məsələsinə toxunub: "Hamımız ekran qarşısından yarışları izləmişik. Uğurlara sevindiyimiz kimi, uğursuzluqlara da üzülmüşük. Ancaq bu məqamların yarışlarda komandaya mənfi psixoloji təsir göstərəcəyini düşünmürəm. Məncə, əksinə, idmançılarımıza əlavə güc qata bilər. Çalışacağıq ki, Olimpiadada əlimizdən qaçan "qızıl"ları artıqlamasıyla qazanaq. Bizim hamımız bir amala qulluq edirik: Vətənin bayrağını yüksəldib himnini səsləndirmək!".

Qeyd edək ki, Azərbaycan Yay Paralimpiya Oyunlarına müstəqil ölkə olaraq 1996-cı ildən qatılır. İdmançılarımız qatıldığı 6 Paralimpiadada 38 medal qazanıb. Bunlardan 9-u qızıl əyarlıdır.

Sahib Əsədbəyli

 

Mənbə:
0
710
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar