Hulusi Akar: Türkiyə Əfqanıstanın bərpasına və təhlükəsizliyinə çalışır

BMT Təhlükəsizlik Şurası Əfqanıstandakı vəziyyəti müzakirə edərək, qətnamə qəbul edib. Sənəddə ABŞ qoşunlarının ölkədən tamamilə çıxmasından sonra Kabil aeroportunun işinin “operativ və təhlükəsiz” şəkildə bərpası tələb olunur. Məlumatı “Anadolu” yayıb

Qətnamədə deyilir: “Təhlükəsizlik Şurası müvafiq tərəfləri ölkədə təhlükəsizliyi möhkəmləndirmək istiqamətində addımlar atmağa və gələcəkdə qurbanların qarşısını almağa, eləcə də Kabil aeroportunun operativ və təhlükəsiz şəkildə açılma­sı üçün səylər göstərməyə çağırır”.

Qətnamə müəllifləri “Tali­ban” hərəkatının bu günlərdə səsləndirdiyi belə bir bəyanatı da xatırladıblar ki, əfqanlar “ölkə ərazisini istədikləri vaxt, istənilən sərhəd keçid məntəqəsi ilə, həm hava, həm quru yolla, o cümlədən, yeni açılmış və qorunan Kabil aero­portu vasitəsilə tərk edə bilər”.

BMT TŞ onu da qeyd edib ki, paytaxtın hava limanı həm də Əfqanıstana humanitar yardımların çatdırılması üçün açıq saxlanılmalıdır.

Əfqanıstanda yaran­mış vəziyyətə Ankarada jurnalistlərlə söhbəti zamanı Türkiyənin Müdafiə naziri Hu­lusi Akar da toxunub. O bildirib ki, Türkiyə Əfqanıstandakı vəziyyəti diqqətlə izləyir. Müvafiq şərtlərin yaranacağı və təkliflər olacağı təqdirdə biz Kabil beynəlxalq aeroportunun idarə edilməsi məsələsinə baxa bilərik.

Onun sözlərinə görə, Türkiyə və Əfqanıstanı bir-birinə tarixi bağlar yaxınlaşdırır. Türkiyənin hərbi kontingenti son 20 il ərzində Əfqanıstan ərazisində həyata keçirilmiş müxtəlif missiyalarda uğurla iştirak edib.

Nazir qeyd edib: “Türkiyə Əfqanıstanın bərpasına, əfqan xalqının təhlükəsizliyinin və sabitliyinin təminatına çalışır və bunun üçün səylər göstərir. Kabil aeroportunun məsələsinə gəldikdə, bununla bağlı mü­vafiq şərtlər olmalı, Türkiyənin dövlət instansiyaları qərarlar qəbul edərək təsdiqləməli, eyni zamanda, prezident tərəfindən sərəncam verilməlidir. Biz bu xüsusda bütün təkliflərə bax­mağa hazırıq”.

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

Mənbə:
0
551
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar