“Heç kim bilmir başına nə gələcək...” – Eldar Həsənov

Keçmiş baş prokuror və səfir Eldar Həsənov sentyabrın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxarılıb.
Onun məhkəməsinə APA, "Trend" agentliklərinin və "Real", ATV telekanallarının əməkdaşlarından başqa heç bir media orqanının nümayəndəsi buraxılmayıb. Hakim Əfqan Hacıyev vəkillərdən Adəm Məmmədovun məhkəmə zalından çıxarılmasına göstəriş verib.
Digər vəkillər də buna etiraz olaraq zaldan çıxmaq istəyəndə Eldar Həsənov müdafiəçilərini sakitləşdirib: "Eybi yox, qoyun çəksinlər, nəyi çəkəcəklər ki...". Vəkillər Eldar Həsənovun şüşə kabinədən çıxarılması, cinayət işinin istintaqa qaytarılması və s. vəsatətlər qaldırıblar.
"Eldar Həsənov ağır xəstədir. Dayandığı yerdə başı gicəllənir, yıxılır. Onu tək buraxmaq olmaz. Onun yanında kimsə olmalıdır", – vəkil Cavad Cavadov bildirib.
Prokuror, zərərçəkmiş qismində tanınan Maliyyə Nazirliyi və Xarici İşlər Nazirliyinin nümayəndələri onun şüşə kabinədən çıxarılmasına etiraz etməsə də, hakimlər razılaşmayıb.
Müdafiəçilər cinayət işinin istintaqa qaytarılması haqda vəsatəti əsaslandırarkən bildiriblər ki, ciddi pozuntulara yol verilib. Bu vəziyyətdə işə məhkəmədə baxıla bilməz.
Prokuror istintaqda heç bir prosessual pozuntuya yol verilmədiyini deyəndə keçmiş baş prokuror buna etiraz edib. ""Heç bir" sözünü işlətməyin. Mənim demədiyim sözlər ifadəm kimi göstərilib. Bu, pozuntu deyil? Mənim heç bir cinayətim sübuta yetirilməyib. İstintaq qrupunun rəhbəri "Əliheydər Qarayev"in işidir. Məni həkimlər müayinə eləmədən rəy veriblər ki, sağlamlığım həbsdə saxlanmağa imkan verir", – Həsənov belə deyib.
O vurğulayıb ki, səhhəti ilə əlaqədar Avropa Məhkəməsinə şikayət ünvanlamağa məcbur oldu. Həbsindən öncə yeddi dəfə əməliyyat keçirdiyini deyən keçmiş səfirin sözlərinə görə, Avropa Məhkəməsinin qərarından sonra hospitala köçürülsə də, sonadək orada müalicəsinə imkan verilməyib:
"Məni DTX-nın hospitalına ağır vəziyyətdə gətirdilər. Ertəsi gün gəldilər ki, prokurorluq geri qaytarılmağımı tələb edir. İstintaq materiallarını tanışlıq üçün mənə təqdim eləməlidirlər, o da stasionar şəraitdə təqdim oluna bilməz. Ona görə istintaq təcridxanasına qaytardılar. Səhhətim ağır olsa da, tələb elədilər ki, 48 saat ərzində iş materialları ilə tanış olum. 50 cilddən 44-ü ilə tanış ola bildim. Materialları alıb apardılar. Prosessual qaydaları kənara qoyaq, insanlıq amili, iman amili var. Kim nə edirsə, qarşısına çıxacaq...".
Həsənov üzünü hakimlərə tutaraq deyib ki, hazırda mühakimə olunduğu məhkəmə binası əvvəl Ali Məhkəmə idi. O vaxt müxtəlif vəzifə sahibi qismində bu binaya gəlib: "Mən 25 il müxtəlif vəzifələrdə işləmişəm. İkinci dəfədir ki, bura təqsirləndirilən şəxs kimi gəlirəm. Bunu sizə (hakimə) deməyi özümə borc bilirəm ki, heç kim bilmir başına nə gələcək...".
Həsənov çıxış edəndə zalda olan jurnalistləri də hakim çıxarıb.
Çıxışının davamında keçmiş səfir prokurorluğun bu cinayət işi ilə dövlətlərarası qalmaqal yaratmaq ehtimalından danışıb. O bildirib ki, onu şərləyib həbs etməkdən ötrü səfir olduğu ölkələrin siyasi liderlərinin adlarını hallandırıblar: "Prokurorluq elə hərəkət edib ki, mən danışsam, dövlətlərarası qalmaqal yarana bilər. Ona görə ifadə verməmişəm".
Məhkəmə iclasının gedişində Həsənovun vəziyyəti pisləşib, bu üzdən prosesdə fasilə yaranıb. Onun durumu nisbətən yaxşılaşandan sonra proses davam edib. Məhkəmə vəsatətlərin heç birini təmin etməyib. Məhkəmə baxışı sentyabrın 9-na təyin edilib. 

Mənbə:
0
380
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar