Bakı və Moskvanı üz-üzə qoymaq planı deşifrə olundu - “Rus silahlı erməni hiyləsi...”


Prezident İlham Əliyev Türkiyənin “Anadolu” agentliyinə müsahibəsində Rusiyanın Ermənistanı yenidən silahlandırmağa başlaması ilə bağlı Azərbaycan tərəfinin bugünlərdə ifadə etdiyi narahatlıqlardan danışıb, vəziyyətin indi nə yerdə olduğunu açıqlayıb. Müsahibənin bu hissəsində də Prezident sensasion təfərrüatlar açıqlayıb.
Prezident deyib ki, Rusiya və Ermənistan müdafiə nazirlərinin görüşünün təfərrüatı barədə erməni KİV-lərinin yaydığı xəbər yalandır: “Bu məsələdən xəbərdar olan kimi dərhal Rusiya tərəfindən soruşduq, məsələnin nə olduğu ilə maraqlandıq. Amma bizə məlumat gəldi ki, erməni mətbuatında çıxan bu açıqlama həqiqətə uyğun deyil. Rusiya müdafiə naziri belə sözlər söyləmədi. Bu, Ermənistan təbliğatının çirkin əməlidir. Bizə rəsmi şəkildə bildirildi ki, belə plan yoxdur. Ermənistan ordusunun yenidən havayı silahlandırılması ilə bağlı biz Rusiya tərəfindən yetərli məlumatlar aldıq. Biz bu mövzunu gündəmdən çıxardıq. Bu, Ermənistanın çirkin əməllərindən imtina etmədiyini göstərir. Ortaya atılan bu yalan ilk növbədə böyük səhvdir. Əgər sən Rusiya müdafiə nazirinin demədiyi sözləri yayırsansa, bu, ən azından məsuliyyətsizlikdir, təxribatdır. İkincisi, biz bunu dəfələrlə işğal dövründə də gördük, işğaldan sonra da gördük. Ermənistan və Rusiyada fəaliyyət göstərən erməni lobbisi hər gün Rusiya ilə Azərbaycanın münasibətlərində çatlar yaratmaq üçün çalışır. Hər gün, davamlı olaraq. Onların gündəlik işi Azərbaycana qara yaxmaq, Rusiya mətbuatında Azərbaycan barədə mənfi imic formalaşdırmaq, Azərbaycan-Rusiya münasibətlərinə kölgə salmaqdır”.
Siyasi analitiklərin fikrincə, Prezidentin bu açıqlaması bir daha onu göstərir ki, əvvəla, Azərbaycanla Rusiya arasında istənilən məsələni müzakirə edə bilmək səviyyəsində yaxşı əməkdaşlıq mühiti var. İkincisi, Ermənistanın Rusiyaya qarşı da əslində təxribatla məşğul olduğu, Rusiyaya problemlər yaratdığı bir daha üzə çıxır. Üçüncüsü, Rusiyadakı erməni lobbisi əslində artıq Rusiyaya da problemlər yaratmaqdadır.
Sabiq deputat Çingiz Qənizadə “Yeni Müsavat”a bildirdi ki, Rusiya tərəfindən Ermənistan ordusunun modernləşdirilməsi istiqamətində fikirlər müdafiə naziri Sergey Şoyqunun Ermənistanın yeni müdafiə nazirinə xəncər bağışlamasından sonra yayılmağa başlamışdı: “Ermənistan tərəfi bu cür fikirləri xüsusi canfəşanlıqla yayırdı. Rusiyanın nə qədər maraq dairəsində olsa da, işğalçı dövləti silahlandırmasının yolverilməz olduğunu Azərbaycan daim bəyan edib. Amma Ermənistan tərəfi son zamanlar guya hansısa irəliləyişlərə nail olduqlarını, guya Rusiya ilə çox böyük razılaşmalar əldə etdiklərini ilk növbədə Ermənistan xalqını sakitləşdirmək üçün ortaya atır. Yalançı bəyanatları, hətta Rusiyanın Müdafiə Nazirliyinin adından yalandan açıqlamalar uydurmalarını həm də öz aləmlərində Azərbaycanı qorxutmaq üçün edirlər. Azərbaycan Prezidentinin sözügedən müsahibədə dediklərindən isə aydın olur ki, dövlətimizin başçısı İrəvanın yalanlarını faktiki olaraq ifşa edib və sübut olunub ki, əslində Ermənistan Rusiyanın adından yalan açıqlamalar yayıb və bu, əslində Moskvaya qarşı təxribatdır. İstər baş nazir Nikol Paşinyan, istər Ermənistanın müdafiə naziri, xarici işlər naziri və digər yüksək vəzifəli şəxslərinin Ermənistan cəmiyyətini aldadan, həmçinin Rusiyaya qarşı da təxribat sayılan bəyanatlarını, açıqlamalarını son dövrlər tez-tez eşidirik. Çünki real olaraq ciddi heç bir iş görə bilmirlər, Ermənistanda durum ağırlaşmaqdadır. Hakimiyyət isə bir tərəfdən Rusiyanın müxtəlif rəsmi orqanlarının adından yalanlar yaymaqla yanaşı, digər tərəfdən, cəmiyyətin içərisində anti-Rusiya əhvalının güclənməsinə çox hiyləgərcəsinə stimul verir”.
Ç.Qənizadə vurğuladı ki, artıq Azərbaycan tərəfi Ermənistanın çox ciddi bir yalanını ifşa edib və bizim gözləntimiz, həmçinin normalda gərəkən odur ki, Kreml, yaxud Rusiya Müdafiə Nazirliyi İrəvanı təxribatçı hərəkətinə görə ciddi cəzalandırsın: “Rusiya Ermənistana ciddi etirazını bildirməlidir. Çünki bu cür yalanları yaymaqla Rusiya-Azərbaycan münasibətlərini korlamaq da ermənilərin hədəflərindəndir”.
Ç.Qənizadə onu da qeyd etdi ki, Rusiya özü sanksiyalar altındadır və iqtisadi vəziyyəti yaxşı deyil: “Belə vəziyyətdə onun məhv olmuş Ermənistan ordusunu modern orduya çevirmək üçün nə imkanı var, nə də həvəsi. Bunu İrəvan görür, lakin ənənəvi erməni yalanları davam etdirilir. Düzüdür, Rusiyanın siyasi dairələrində, ordusunda Ermənistana yardım etmək istəyən qüvvələr var və həmin qüvvələr erməni lobbisi ilə bağlıdırlar. Amma Rusiya dövlətinin bu qüvvələrin istəklərini tam olaraq həyata keçirməsi mümkün deyil. Həmin qüvvələr, böyük kapitala malik olan erməni lobbisi bütün gücləri ilə çalışırlar ki, Rusiya-Azərbaycan münasibətləri pozulsun. Bunun üçün hətta yalanlar uydurmaqdan da çəkinmirlər. Rusiya hakimiyyəti erməni lobbisinin və onlara xidmət edən dairələrin planlarının həyata keçməsinə imkan verməməlidir”.

Mənbə:
0
337
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar