“Məsuliyyətsiz vətəndaş” danlağı bitdisə, qurduğunuz sistemə baxın: səhiyyəmizin səviyyəsi

Vətəndaş: “Onlayn növbə götürmüşəm, amma poliklinikanın qarşısındakı izdihamdan, hay-küyün əlindən dəfələrlə geri qayıtmalı olmuşam, peyvənd oluna bilmirəm”

Həkim: “Məsul qurumlar işinin öhdəsindən gələ bilmədi, bu yöndə kifayət qədər təkilflər verdik, amma həmin təkliflərə məhəl qoyulmadı və indi onun acısını yaşayırıq”

COVID-19 pasportuna sahib olmaq üçün vaksinasiya prosesindən keçmək tələb olunur. Bu tələb olmasaydı, bəlkə də insanlar peyvəndə bu qədər maraq göstərməzdilər. Beş aydır ki, başlayan vaksinasiya prosesi son günlərdəki qədər ajiotaj yaratmamışdı. Bir çox xəstəxanaların, poliklinikaların qarşısında iynə atsan, yerə düşməz.

Nəticədə xaotik vəziyyət yaranır. Bir tərəfdən insanları vaksinasiyaya dəvət edirlər, digər tərəfdən isə onların peyvənd olunma haqqını təmin edə bilmirlər.

Hazırda vaksinasiya prosesinə mane olan ən böyük səbəb yerlərdəki sıxlıqdır. Bu sıxlığı aradan qaldırmaq üçün elektron sistem – “randevu.its.gov.az” adlı sayt mövcuddur ki, adından da göründüyü kimi onlayn nöbvə götürülməsini təmin etməli, növbənin götürüldüyü tibb müəssisəsində də peyvəndlənmə prosesi bu növbə əsasında təşkil olunmalıdır. Amma...

Bəs, aidiyyəti qurumlar niyə bu vəziyyətə hazır deyil, niyə vaxtında tədbir görməyiblər? Nazirlər Kabinetinin məlum qərarından bir aydan çox vaxt keçib, bu müddət ərzində ölkə üzrə sürətli vaksinasiya üçün bir sıra addımlar atmaq olardı.

AYNA problemə aydınlıq gətirməyə çalışıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat xidmətindən sorğumuza belə cavab aldıq: ““Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq Bakı şəhəri üzrə poliklinikalarda vaksinasiya Səhiyyə Nazirliyinin kordinasiyasında həyata keçirilir. Bakı şəhəri üzrə TƏBİB stasionar müalicə və səyyar vaksinasiyaya məsuldur”.

Səhiyyə Nazirliyi isə sıxlığın səbəbini insanların onlayn növbə götürmədən yaxınlaşması ilə əlaqələndirir.

Lakin məsələ günahı sıravi vətəndaşların üzərinə atacaq qədər sadə deyil. Çünki sözügedən saytda qeydiyyatdan keçib növbə götürmək olduqca müşkülə çevrilib.

Heç bir texniki problemlə üzləşmədən onlayn qeydiyyatdan keçərək növbə götürən vətəndaşlardan biri Rəmziyyə Süleymanovadır. Amma deyir ki, növbəni götürüb poliklinikaya yaxınlaşsa da, istəyinə nail ola bilməyib: “Şəkərli diabet xəstəsiyəm. İkinci qrup şəkərli diabet oluğum üçün həkim vaksinasiya olunmağımı məsləhət gördü. Mən də senytabrın 1-dən başlayacaq məhdudiyyətlərə görə vaksin olunmaq istədim. Növbələrdə baş verən izdiham, səs-küy əlindən neçə dəfə geri qayıtmalı olmuşam. Operativ Qərargah özü insanların vaksinasiyadan yayındığı ilə bağlı giley-güzar edirdi, indi bütün insanlar vaksin olunmağa çalışır, lakin bunun üçün aidiyyəti qurumlar normal şərait yarada bilmir”.

Həkim Vasif İsmayıl da AYNA-ya şərhində vaksinasiya ilə bağlı xəstəxanalarda yaşanan vəziyyətin heç də ürəkaçan olmadığını bildirib: “Aidiyyəti qurumlar buna öncədən hazırlıqlı olmalı idi. Vaksinasiyaya cəlb olunan yerlərin sayı artırılmalı idi. Bir neçə səyyar peyvəndlənmə məntəqələrini də görmüşəm. Məsələn “İnşaatçılar”da səyyar peyvəndlənməni həyata keçirirlər. Bu cür səyyar peyvəndlənmənin sayını artırmaq olardı”.

Öz növbəsində həkim-radioloq Aydın Əliyev də əməkdaşımızla söhbətində peyvəndləmə prosesinin düzgün təşkil olunmadığını söyləyib: “Məsul qurumlar işinin öhdəsindən gələ bilmədi. Əgər bacarsaydılar, bu işin öhdəsindən də gələ bilərdilər, görünür ki, bacarmadılar. Bu yöndə kifayət qədər təkilflər verdik, amma həmin təkliflərə məhəl qoyulmadı. İndi isə onun acısını yaşayırıq”.

Həkimin sözlərinə görə, peyvənd hələ ölkəyə gətirilməzdən qabaq bu yöndə güclü maarifləndirmə işləri aparılmalı idi: “Amma aparılmadı. Təbliğat-təşviqat, insanlarla bilgiləndirmə işləri aparılmalı, tanınmış şəxslərin, aktroyların bununla bağlı videoçarxları hazırlanmalı - bu cür işlər təşkil olunmalı idi. Məşhur insanlar hamının gözünün qarşısında peyvəndlənməklə vaksinasiya təbliğ olunmalı idi. Təəssüf ki, biz bütün bunları görə bilmədik”.

“İndi isə peyvəndə görə qadağa variantını tətbiq etməyə başlayıblar. İnsanlar kim peyvənd olunmasa, iş yerləri, təhsil müəssisələri, ictimai iaşə obyektlərinə buraxılmayacaqları qadağasını eşidirlər. Bizim millət isə hər bir işdə çıxış yolu tapdığı kimi bunda da çıxış yolları tapmağı bacarır. İnsanlar indi əks göstərişlə bağlı sertifikat alırlar ki, onlara peyvənd vurdurmaq olmaz. Bəzi insanlar pul müqabilində COVID-19 pasportu əldə edirlər”, - deyə Əliyev vurğulayıb.

Həmsöhbətimiz minlərlə insanın saxta COVID-19 pasportu əldə etdiyini də qeyd edib: “Bilirsiniz, bu, nə deməkdir? Bu, o deməkdir ki, onminlərlə doza peyvənd çölə atılır. Çünki vurulmayan peyvəndlər ləğv olunmalıdır. Hazırda dünyada peyvənd çatışmazlığı yaşayan ölkələr var. Bunun fonunda bu cür halların baş verməsi nə dərəcədə düzgündür? Əminəm ki, bunu edən insanlar mahiyyəti anlamırlar. Həmin insanlar kifayət qədər məlumatlandırılsa, bu yola əl atmazlar. Qadağalarla nəyəsə nail olmaq çox çətin olacaq”.

Xatırladaq ki, Baş nazir Əli Əsədovun imzaladığı qərara görə, ictimai iaşə müəssisələrində, mehmanxanalarda və iri ticarət mərkəzlərində göstərilən xidmətlərdən yaşı 18-dən yuxarı olan şəxslər yalnız COVID-19 pasportu olduğu halda istifadə edə biləcəklər. Qərarda bildirilir ki, bu il sentyabrın 1-dən etibarən dövlət orqanları əməkdaşlarının, bütün tibb və əczaçılıq müəssisələrinin və bütün elm və təhsil müəssisələri işçilərinin azı 80 faizinin COVID-19-a qarşı birinci doza, 1 oktyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-ə qarşı immunitet sertifikatı tələb edilir. Bundan başqa, ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan, yaşı 18-dən yuxarı bütün şəxslərdən COVID-19 pasportu tələb olunacaq.

Mənbə:
0
497
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar