İnternet əsiri olan gənclik

Zərəri xeyrindən çox

Boşluqları özümüz dolduraq ki, başqaları ora müdaxilə edə bilməsin

Dünyanın düzəni çox dəyişib. İnsanlar da 30-40-50 il əvvəlki insanlar deyillər, sanki tamamilə başqa bir planetdən gəliblər. Əslində, ordan gələnləri mən də görməmişəm, başqa planetə getmək şansım da olmayıb. Deyilənlərdən, oxuduqlarımdan, bəzi alim və yazıçılırın təxəyyülünün məhsulu olan kitablardan və filmlərdən əxz etdiyim odur ki, onlar öz inkişaf səviyyələrinə görə (söhbət heç şübhəsiz ki, elmi-texniki və texnoloji inkişafdan gedir) bizi yüz, bəlkə də iki yüz il qabaqlayırlar. Bu tərəqqi həm də onların görünüşlərinə belə, təsirsiz ötüşməyib. Onların zahiri görünüşləri, düşüncələri, hərəkətləri də bizdən, yəni Yer planetinin insanlarından çox fərqlənir.

Bu yazını yazmaqda məqsədim heç də sizləri yadplanetlilərlə tanış etmək deyil. Əsas məsələ odur ki, biz də son 30 ildə çox dəyişmişik. Texnika və texnologiyalar inkişaf etdikcə, biz də sanki, insani keyfiyyətləri bir kənara qoyub, robotlaşmağa başlamışıq.

Düşüncələrimiz, ideyalarımız, biri-birimizə münasibətimiz dəyişir, təəssüflər olsun ki, müsbətə yox, mənfiyə doğru.

Son illərin müşahidələri onu deməyə əsas verir ki, bu gün insanlar yaşamağın ən əsas qayəsini maddi sərvət torlamaqda görürlər. Milli-mənəvi dəyərlər belə, pulu gördükdə əriməyə, zəifləməyə başlayır. Heç kim, bir fərd olaraq özünü milli-mənəvi dəyərlərin qorunub saxlanmasında məsul hiss etmir. Biz torlum şəkildə olduğumuz zaman birlikdən, milli və mənəvi dəyərlərimizin qorunmasından danışırıq. Söhbət gəlib fərdləşəndə isə, "mənə başqalarından çox lazımdır, qoy imkan düşmüşkən, öz problemlərimi həll edim, vaxt qalsa, başqa işlər barədə də düşünərəm", təxəyyülü ilə yaşayırıq.

Bu yanaşmanın formalaşmasında, ölkəmizdə mövcud olan rüşvət, korrupsiya, qohumbazlıq və tayfabazlıq kimi amillər heç də az rol oynamır. Bu amillərin həyatımızın bütün sahələrinə nüfuz etməsi, heç şübhəsiz ki, gənclərin də psixoloji cəhətdən fərdiyyəçiliyə meyillənməsinə stimul yaradır. Bu həm də, gəncləri milli-mənəvi dəyərlərdən uzaqlaşmasına, yeni fərdiyyəçilik düşüncəsi ilə daha çox pul qazanmaq və onu necə gəldi xərcləmək kimi, yanlış fikirlərə gətirib çıxarır. Ataların: "Hay-haynan gələn, vay-vayla gedər" düşüncəsi, müasir insanların bir çoxu üçün heç bir məna kəsb etmir. Onlar yalnız çox qazanıb, çox xərcləmək istəyirlər. Necə qazanıb, necə xərcləməyin özü də, onlar üçün maraqlı deyil. Bəziləri isə çox çətinliklə qazandıqlarını, elə boş şeylərə xərcləyirlər ki, hətta özləri də bir müddət sonra baş verənləri anlaya bilmirlər.

Mənə belə gəlir ki, bunu insanın şüuraltı psixoloji halı kimi qəbul etmək lazımdır.

Məsələn, insan gecə-gündüz işləyir və bacardıqca çox pul, var-dövlət, sərvət əldə etmək üçün sağlamlığını qurban verir. Sonra da sağlamlığını bərpa etmək üçün qazandıqlarının hamısını həkimlərə, dava-dərmana xərcləyir. Burada hansısa bir məntiq görürsünüzmü? Yoxdur!

Bir başqası əlinə keçən fürsətdən istifadə edərək xalqı, dövləti çapıb, talayır milyonlarla ölçülən sərvət toplayır, günün birində ifşa olur, taladıqlarının hamısını əlindən alıb, atırlar zindana, yanındakına dərs olurmu? Olmur!

Bax, beləcə həyat davam edir.

Amma elə insanlar da var ki, onlar üçün böyüyə hörmət, kiçiyə mərhəmət, Allahın verdiyinə şükranlıq, bütün maldan, dövlətdən, sərvətdən daha üstündür. Bu insanlar hər şeyə qane olmaqla, həm də özlərini hər tərəfdən onları əhatə edən iqtisadi-biznesin təcavüzündən qoruyurlar.

Bu gün əsasən də gənclərin psixologiyasına təcavüz edən şou-biznes mafiyasının təbliğat maşını işini elə qurur ki, onun təsiri altına düşənlər bir daha normal həyata qayıda bilmirlər. Gənclərin ətrafında qurulan bu toru dağıtmaq çox çətin olur, çünki onlar artıq özlərini cəmiyyətdən təcrid edir və ancaq "kumir"lərinin yolunu getmək üçün istənilən bir göstərişi yerinə yetirməyə hazır olurlar.

Bu gün internet üzərindən həyata keçirilən bütün reklam kampaniyaları da, məhz gənclərin zombiləşməsinə xidmət edir. Bu da onu deməyə əsas verir ki, internet əsirinə çevrilən insanların bu əsarətdən qurtulmaları çox çətin olur, buna görə də həm dövlət, həm də cəmiyyət bu insanları nəzarətdə saxlamalı və onların düşdükləri bu çamurdan çıxmalarına yardım etməlidir.

İnformasiya Kommunikasiya Texnologiyaları (İKT) inkişaf etdikcə, internetin təsiri altına düşən və cəmiyyətdən təcrid olanların sayı da artır. Bu bir daha onu deməyə əsas verir ki, internet asılılığına düşən insanlar, cəmiyyətə hansısa yeniliklər gətirmir, əksinə cəmiyyət üçün ciddi təhlükəyə çevrilirlər.

Çünki, bu gün internet və sosial şəbəkələr vasitəsi ilə insanların, əsasən də gənclərin beyinlərinin "yuyulması" və oraya tamamilə bizə yad olan dəyərlərin "yüklənmə"si prosesi gedir.

Məhz bu "yuyulma"nın və "yüklənmə"nin nəticəsi idi ki, yüzlərlə Azərbaysan gəncinin sorağı İraqda, Suriyada, Əfqanıstanda və digər "savaş meydanları"ndan gəlirdi.

44 günlük Vətən Müharibəsi bir daha sübut etdi ki, ölkəmizə, dövlətimizə qarşı törədilən bütün naqisliklərə və təbliğata baxmayaraq, Azərbaycan gəncliyi daim ürəyində, qanında Vətən, Millət, Dövlət sevgisi daşıyır. Vətən, Millət və Dövlət uğrunda şəhid olmağı hər şeydən üstün tutur. Bu ondan irəli gəlir ki, xalqımız minillər boyu bu dəyərləri nəsildən- nəsillər ötürərək yaşadıb və bu gün də yaşatmağa çalışır.

Amma yaddan çıxarmaq lazım deyil ki, bizə məxsus olan dəyərlərimizi müxtəlif yollarla qloballaşdırmaq istəyən qüvvələr də az deyil ətrafımızda. Onların qarşıya qoyduqları məqsəd, heç də Azərbaycan gəncliyini maarifləndirmək deyil. Tam əksinə, məqsəd gəncliyi internetdən asılı vəziyyətə salmaqla, onları istədikləri kimi idarə etməkdir.

Bunun qarşısını almaq üçün dövlət səviyyəsində xüsusi layihələr hazırlanaraq həyata keçirilməlidir.

Bu istiqamətdə bir çox ölkələrdə artıq işlərə başlanılıb. Bu gün hər bir dövlət öz mədəniyyətini, incəsənətini, milli-mənəvi dəyərlərini yüksək tuturaq, həm də bütövlükdə mövcudluğunu qorumağa çalışır. Məsələn, bu yaxınlarda İspaniyanın baş naziri Pedro Sançes bəyan edib ki, 2022-ci ilin dövlət büdcəsindən gənclər uçun "Mədəniyyət çeki" tətbiq etmək niyyətindədir. Çek yetkinlik yaşına çatan bütün gənclərə təqdim ediləcək. Gənclər və yeniyetmələr 400 avroluq çekdən kitabların alınmasına, yaxud bədii fəaliyyətin hər hansı bir növü üçün xərcləyə biləcəklər. Onu da qeyd edək ki, belə bir layihə artıq Fransada və İtaliyida həyata vəsiqə adıb. Bu layihələrin məqsədi gəncləri mədəniyyətə və incəsənətə cəlb etməkdir. Rusiya da 14 yaşından, 22 yaşına kimi gənclər və yeniyetmələr üçün "Puşkin kartı" adlanan bir layihənin həyata keçirilməsinə start verib.

Gənclərə teatr, konsert salonları, muzey və digər mədəniyyət və incəsənət tədbirlərinə pulsuz qatılmaq imkanı verən bu layihə böyük məmnunluqla qarşılınıb. Başlanğıc ili kimi hazırda 3000 rubl dəyərində olan bu kartların gələn ildən dəyərinin 5000 rubl (təxminən 120 manat) olacağı bildirilir. Layihə təşkilatçıları hesab edir ki, bu layihə 13 milyondan çox gənci əhatə edəcək və onların mədəniyyət və incəsənət hadisələrindən kənarda qalmamasına yardım edəcək.

Bu gün gəncləri daha çox maraqlandıran, dövlətə və millətə gərəkli insanlar kimi formalaşmalarına yardım edəcək bütün təkliflər dövlət tərəfindən dəstəklənməlidir ki, onlar bu dəstəyi hiss etsinlər. Bunu kimlərinsə, öhdəsinə buraxmaq olmaz. Çünki, müstəqilliyimizin ilk illərində, ölkəmizi bürüyən əcnəbi xeyriyyə qurumlarının burada hansı oyunlardan çıxdıqlarını gördük. 2003-cü ildə İlham Əliyevin prezident seçilməsi ilə bu qurumlara qarşı məqsədyönlu şəkildə mübarizəyə başlandı və bu mübarizə bizim qələbəmizlə başa çatdı. Bu gün də onlar müxtəlif yollarla ölkəmizə təsir imkanları axtarırlar. Qlobal internet şəbəkəsi formasında.

Məlumdur ki, dünyəvi bir dövlət olaraq biz bu şəbəkənin fəaliyyətinin qarşısını ala bilmərik. Amma gəncliyimizi bu təsirdən qorumaq imkanlarımız var və biz o imkanlardan istifadə etməliyik. Yeniyetmələrin və gənclərin asudə vaxtlarının səmərəli keçirmələri üçün geniş imkanlar açılmalıdır ki, onlar digər cəlbedici tərəflərə və təkliflərə meyl etməsinlər. Çünki bizim boş buraxdığımız hər bir noqtədən istifadə etməyə çalışanlar var ətrafımızda.

Son nəticə olaraq qeyd etmək istərdim ki, insanlar arasında mənəvi gərginliyin yaranması, psixoloji pozuntular da, məhz bu boşluqlardan yaranır. Bu boşluqları özümüz doldurmalıyıq ki, başqaları oraya müdaxilə edə bilməsinlər.

Gəncliyi özümüz qoruyaq ki, onlar da bizi qorusunlar.

Yusif Seyid

Mənbə:
0
401
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar