Gürgən qəsəbəsində, gecə qaranlığında qətl: evindən çağırıb güllələdi

...Onlar Pirallahı rayonunun Gürgən qəsəbəsində yaşayıblar, Xəzər dənizindən balıq tutub satmaqla  məşğul olublar, başlarını bu yolla birtəhər girələyiblər. Hərdən yerli balıqçılardan “Neftçaladan gəlib balıq tutursunuz, çıxın gedib buralardan” məzmunlu iradlar eşitdikləri də az olmayıb. Hətta buna görə mübahisələri də düşüb. Nəhayət günlərin birində balıqçılar arasında sərxoş halda yaranan “yerli-gəlmə” mübahisəsi qan tökülməsi ilə, qətllə nəticələnib.

virtualaz.org xəbər verir ki, bu günlərdə Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə ittiham olunan Neftçala rayon sakinləri - 26 yaşlı Cəmil Hüseynov və 47 yaşlı Elşən Gözəlovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Qətl ötən il dekabrın 31-də Pirallahı rayonu ərazisində baş verib. 34 yaşlı Röyal İlyasov yaşadığı evin yaxınlığında baş nahiyəsindən odlu silahla vurularaq qətlə yetirilib.

Arvadı gedib rayona, evdə içki məclisi qurub

Təqsirləndirilən Cəmil Hüseynov ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. O, ailəsi ilə birgə Pirallahı rayonu, Gürgən qəsəbəsində yaşadığını, kirayə qayıq götürdüyünü, dənizdən balıq tutub satmaqla dolandığını göstərib. Hadisə günü dənizdən gəlib, həmyerlisi Elşənlə birlikdə yemək yeyib spirtli içki içiblər: ”Həyat yoldaşım rayona getmişdi. Elşənlə bizim evdə yeyib-içdik. Sonra tanışlarımız Royalla Rasim də gəldilər. Onlarla birgə içməyə başladıq, hamımız sərxoş idik”.

C.Hüseynovun ifadəsinə görə, içki məclisi zamanı Elşən zarafatla Rasimə sillə vurub, Röyal da onun bu zarafatını hörmətsizlik kimi qəbul edərək Elşəni döyüb. Rasim isə öz növbəsində Elşənə hücum çəkib. Beləcə, içkili balıqçılar bir-birləri ilə dalaşıblar: “Dedim ki, evimdə dalaşmayın. Stolun üstündəkilər dağılmışdı, əşyalar yerə düşüb sınmışdı. Rasim qəflətən giriş qapısını bağlayıb Elşənin olduğu otağa qaçaraq onu döyməyə başladı. Hər ikisindən evimi tərk etmələrini tələb etdikdə Röyal, “siz burada yaşamayın, çıxın gedin, səhərdən pəncərədən sizə qulaq asırdım” dedi”.

İçkinin təsirindən sərxoş olan həmyerlilər məsələni Röyalla araşdırmaq qərarına gəliblər. Hətta Röyalla söhbəti “yekunlaşdırıb” ova getməyi də planlaşdırıblar. Çarpayının altından ov tüfəngini götürüb Röyalın yaşadığı binanın qarşısına gəliblər. C.Hüseynov Rasimə məxsus qarajın qarşısında dayanıb tüfəngin yararlı olub-olmadığını yoxlamaq üçün qapıya sarı atəş açıb. Daha sonra Elşəni Röyalın dalınca göndərib: “Dedim get Röyalı bura çağır, gəlsin. Bir neçə dəqiqə sonra Röyal Elşənlə mübahisə edə-edə, bir-birlərini vura-vura gəldilər. Röyaldan qorxub tüfəngi ona tərəf tuşladım, iki metrlik məsafədən atəş açdım”.

Qətl səhərə yaxın törədildiyindən qəsəbədə və ətrafda heç kim olmayıb. Röyalın öldürüldüyünü nə görən olub, nə də bilən. Qətli törətdikdən sonra tüfəngi çiyninə aşıran Cəmil Elşənlə birgə meyitin qollarından yapışıb bir qədər kənara sürüyüblər. Meyitin qollarını iplə bağladıqdan sonra sürüyüb dəniz kənarına aparıblar, çökəklik əraziyə atıblar. Cəsədin üstünü qumla örtərək basdırıblar.

"Sürüyüb dəniz kənarına apardıq, qumda basdırdıq..."

Təqsirləndirilən Elşən Gözəlov da anoloji ifadə verib. Dənzidən tutduğu balıqları satdıqdan sonra Cəmilin ona zəng vurduğunu, evinə çağırdığını, birgə içki içdiklərini etiraf etsə də, ona elan olunmuş ittihamla razılaşmayıb:

-Cəmil səhərə yaxın ova gedəcəkdi. Tüfəngi çıxarıb içərisinə patron qoydu, hazır vəziyyətə gətirib çiynindən asdı. Röyalın evinə tərəf gedib məsələni aydınlaşdırmaq istədik. Onu öldürmək barədə söhbətimiz,  razılaşmamız olmayıb. Gecə saat 02 radələrində Röyalın yaşadığı evin qapısını döydüm. Qapını açıb “sən mənim qapımda nə işin var” dedi. Röyala küçəyə çıxmağı təkid etdikdə mənim başıma yumruq vura-vura küçəyə çıxdı. Cəmilin olduğu yerə çatanda güllə səsi eşitdim. Röyal yerə yıxıldı, güllə başından dəymişdi. Meyiti sürüyüb dənizin kənarına aparmağa gücümüz çatmırdı. Mən dayandım, Cəmil gedib bel və kəndir gətirdi.  Birlikdə sürüyüb dəniz kənarına aparıb basdırdıq.

Zərərçəkmişin hüquqi varisi Mətənət İlyasova təqsirləndirilən şəxslərdən Cəmili tanıdığını deyib:

-Röyal bəzən evə gec gələndə deyirdi ki, Neftçaladan olan Cəmilin yanındaydım. Hadisə baş verən gün Röyal dostu Rasimlə birgə onların evində balıq hisə verirdilər. Həmin gün gecə evə gələndən bir qədər sonra qapı döyüldü. Gələn şəxs ona aşağı düşməsini tələb edirdi. Röyal da əynini geyinib aşağı düşdü. Həyəcanlı şəkildə pəncərədən çölə baxırdım. Binanın tininə çatan kimi tüfəng səsi eşidildi. Röyalla həmin adamın arasında dava-dalaş olmayıb, əgər olsaydı səs -küy salıb qonşuları oyadardım. Röyalın telefonu ilə qardaşıma və Rasimə zəng vurdum, hadisə barədə məlumat verdim. Binanın yanına gəlib Röyalı axtardılar. Yerdə qan izləri olsa da Röyalı tapa bilmədilər. Hadisə yerinə polis əməkdaşları gəldilər. Röyalın Cəmil və Elşən tərəfindən öldürüldüyü məlum oldu.

Cinayət işi üzrə şahid qismində dindirilən Rasim Ağayev ifadəsində Pirallahı rayonu Gürgən qəsəbəsində yaşadığını, mərhum Röyalı tanıdığını, əvvəllər onların evində kirayədə qaldıqların, sonradan başqa ünvana köçdüklərini deyib:

-Ailələrimiz arasında gediş-gəliş vardı. Həmin gün Röyala məxsus dəniz kənarındakı budkada pivə içirdik. Elşənlə Cəmil yanımızdan keçəndə əllərində araq butulkası vardı. Cəmil bizimlə salamlaşdıqdan sonra Röyala dedi ki, gedək qonağımız ol. Röyal da “pivə də pis deyil” deyə cavab verdi, onun təklifindən imtina etdi. Elşən isə “gəl gedək, bunların duxu çatmaz bizimlə üzbəüz oturub axıra qədər qədər içməyə” dedikdə Röyalla mübahisələri düşdü, təpiklə Elşənin üzündən vurdu. Cəmillə birgə müdaxilə edib, Röyalla Elşəni ayırdıq.

Şahid ifadəsində Cəmilin Röyalı hansı səbəbdən öldürməsində xəbərsiz olduğunu deyib:

-Röyal mənimlə sağollşaıb evlərinə getdi. Gecə Röyalın arvadı ərinin telefonu ilə zəng vurub kiminsə qapını döydüyünü, Röyalı çağırdığını, onun evdən çıxıb geri qayıtmadığını dedi. Evdən çıxıb onlara tərəf getdikdə ayağıma quraşdırılmış elektron nəzarət vasitəsi siqnal verməyə başladığına görə ( 2019-cu ildə qanunsuz balıq ovladığına görə R.Ağayev barəsində 2 il sınaq müddəti olmaqla şərti cəza təyin edilib-red.) məcbur olub geri qayıtdım. Bir müddət sonra qardaşım Rəhim zəng vurub Röyalın öldürüldüyünü dedi. Röyalla münasibətimiuz hər zaman yaxşı olub. Röyaldan eşitdiyimə görə Cəmillə bir dəfə aralarında mübahisə yaranıb, hadisədən bir ay əvvəl isə Elşənlə mübahisələri düşüb. Cəmilin Röyalı nəyə görə öldürməsi haqda heç bir məlumatım yoxdur.

Bütün bu ifadələri dinlədikdən və dəlilləri nəzərdən keçirdikdən sonra hakim təqsirləndirilənlərə cəza kəsib. Məhkəmənin hökmü ilə cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Cəmil Hüseynov və Elşən Gözəlov 18 il müddətinə azadlıqdan məhrum ediliblər...

İnarə Rafiqqızı

Virtualaz.org

 

Mənbə:
0
91
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar