Bitki mənşəli virusların ölkəyə daxil olmasının qarşısını almaq üçün toxumların virusdan azad olunması əsas tələblərdəndir

Pomidor meyvələrinin qonur qırışıqlıq virusu ilk dəfə 2014-cü ilin oktyabr-noyabr aylarında İsrailin cənubunda altı pomidor sahəsində aşkarlanıb. 2018-ci ilin yayından Almaniya, İtaliya, İspaniya, Fransa kimi bir sıra Avropa ölkələrində yayıldığı haqqında məlumatlar verilib.

Pomidor meyvələrinin qonur qırışıqlıq virusuna əsasən Badımcançiçəklilər fəsiləsinin növlərindən olan pomidor və bibərdə rast gəlinir. Bu virus birbaşa və dolayı yolla yayılır. Birbaşa yayılma yolu toxum, torpaq, alaq otları vasitəsilə yayılmadır. İkincili yayılma yolları isə əkin sahəsində istifadə edilən alətlər, işçilərin əli, paltarları və tozlandırıcı həşəratlardır. Virus əkin və səpin materialı ilə yeni areala daşına bilir. Bundan başqa, istehlak məqsədilə idxal olunan yoluxmuş pomidor  və bibər meyvələri də virusun yayılmasına zəmin yaradır.

Hazırda ToBRFV-ə qarşı davamlılıq genləri daşıyan pomidor hibrid və sortları mövcud deyil. Ümumilikdə, pomidor meyvələrinin qonur qırışıqlıq virusunun məhsulun əmtəəlik keyfiyyətini aşağı salmasını, mövcud olduğu təsərrüfat sahəsində qısa müddətdə yayılmasını, bitkini zəiflədərək digər virus və göbələk mənşəli ikincili infeksiyaların yaranmasına təkan verdiyini nəzərə alsaq, virusun kifayət qədər böyük həddə məhsul  itkisinə səbəb olduğunu proqnozlaşdırmaq mümkündür.

Pomidor meyvələrinin qonur qırışıqlıq virusunun ölkəyə daxil olmasının qarşısını almaq məqsədilə idxal edilən bütün pomidor və bibər toxumlarının virusdan azad olması şərti əsas tələblərdəndir. Xəstəliyin əlamətlərini gözlə görməklə təyin etmək mümkün olmadığına görə idxal zamanı bütün pomidor və bibər toxumları laboratoriyada molekulyar səviyyədə yoxlanılır. Yoluxmuş bitkilər məhv edildikdən sonra ardıcıl sanitariya tədbirləri həyata keçirilir. Substratlar və ya qida mühiti, qoruyucu geyimlər, alətlər və qabların virusun yayıldığı istehsal sahələrindən sağlam bitkilər olan ərazilərə aparılmaması, antivirus təsirli dezinfeksiyaedicilərlə əllərin, qabların, alətlərin və avadanlıqların dezinfeksiyası, istixananın girişinə dezinfeksiyaedici döşəklərin qoyulması, istehsal müəssisəsinin ərazisinin su və yuyucu vasitələrlə təmizlənməsi tələb olunur. Virusla yoluxmuş sahələrdə ən azı bir il müddətinə əkin aparılmır.

Mənbə:
0
403
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar