Azərbaycanın yaratdığı geosiyasi reallıqlar

Seçkidən sonra Ermənistan rəhbərliyinin sülh çağırışlarına adekvat reaksiya verəcəyi gözlənilən idi. Hər nə qədər baş nazir Paşinyan "Ermənistan öz ərazisindən Azərbaycanın dəhliz çəkməsinə imkan verməyəcək" iddiasını, üçtərəfli bəyanatın maddələrini icra etməyəcəyinə dair sərsəm bəyanatları səsləndirsə də, Ermənistanın düçar olduğu ağır siyasi, iqtisadi, sosial vəziyyət bu ölkə üçün sülh və inteqrasiya meyillərini qaçılmaz edir. Politoloq Züriyə Qarayeva deyir ki, burada həm də Azərbaycanın yaratdığı geosiyasi reallıqlar və qalib tərəf olaraq şərtləri diktə etməsi amili də keçərlidir: "Belə ki, son təxribatlardan sonra hərbçilərimizin Gorus-Qafan yolunun bizə məxsus olan hissəsini bağlamasıyla və Rusiyayla danışıqlar zamanı müəyyən tələblərdən sonra Paşinyanın siyasi ritorikasında dəyişiklik baş verməsi başadüşüləndi. Artıq rəsmi İrəvan xilas pəncərəsinin yalnız əməkdaşlıq və kommunikasiya xəttlərinin açılması olduğunu və bu pəncərənin yalnız Türkiyə tərəfdən onun üzünə açılacağını anlayır. Hər nə qədər Ermənistanda hələ də mövqelərini qoruyub saxlayan Rusiyameyilli Qarabağ klanı Paşinyan hakimiyyətini sülh çağırışlarına ayaq uydurmaqdan yayındırmağa çalışsa da, yalnız hakimiyyət deyil, xalq da bu cür revanşist qrupların fəaliyyətinin Ermənistanda vətəndaş qarşıdurması yaradacağını gözəl dərk edir".

Politoloqun sözlərinə görə, təsadüfi deyil ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Cənubi Qafqazda sülhün və əmin-amanlığın hökm sürməsinə yol aça biləcək proseslərə töhvə verməyə hazır olduğunu bildirməsindən sonra rəsmi İrəvan bu açıqlamanı ümidverici eyham kimi qəbul etdi: "Nikol Paşinyan bunu cavab olaraq, "Ermənistan regionda sülhün bərqərar olması ilə bağlı Türkiyədən bəzi açıq və müsbət işarələr almaqdadır" dedi. Erməni baş nazir bu müsbət işarələri dəyərləndirmək niyyətində olduğunu da qətiyyən gizlətmədi: "Biz Türkiyənin müsbət işarələrini eyni məzmunda cavablandıracağıq". Rəcəb Tayyib Ərdoğan bu məsələ ilə bağlı növbəti mesajını verib: "Azərbaycan Ermənistanla hərtərəfli sülh sazişi üçün danışıqlara başlamağı təklif edib. Birtərəfli ittihamlar yerinə, gələcəyə baxan, realist yanaşmalar üstünlük təşkil etməlidir. Bu istiqamətdə hərəkət etməyə hazır olduğunu bəyan edən Ermənistan hökuməti ilə münasibətlərimizi tədricən normallaşdırmaq üçün çalışa bilərik". Əslində Ərdoğanın sülh çağırışında yeni olan heçnə yoxdu. 44 günlük müharibənin bitdiyi gündən etibarən Türkiyə prezidenti Ermənistanın hər iki ölkənin ərazi bütövlüyünü tanıyacağı təqdirdə və işğalçı niyyətinə son qoyacağı halda əməkdaşlığa hazır olduqlarını və bu əməkdaşlığın daha geniş 6lıq formatında icra olunaraq bütövlükdə bölgə üçün əlverişli geosiyasi mühit yaradacağını dəfələrlə bildirmişdi. Bugün bölgəyə həm də Avropa İttifaqının da uğurlu adımlarla daxil olması faktoru həm Gürcüstanı, həm də Ermənistanı platformaya qoşulmağa vadar edir. Bəhs etdiyimiz platformada Rusiyanın yer almasına baxmayaraq, müvafiq bölgədə münaqişələrin aradan qalxması və sülhün bərqərar olmasında bütövlükdə Qərb maraqlıdır. Çünki, İrəvanın üzünü tamamilə qərbə tutmaqdan çəkindirən, iki masada əyləşmə siyasətinə vadar edən bu ölkənin iqtisadi çöküşü ucbatından Rusiyanın vassalına çevrilməsidir. 6lıq platformanın hədəfləri icra olunarsa, Ermənistan blokada vəziyyətindən çıxar, ticarət dövriyyəsi artar, iqtisadiyyatı dirçələr və nəticə etibarı ilə Rusiyadan aslılığını aradan qaldırar. Beləcə Avropa İttifaqı regionda təsir rıçağı sadəcə Ermənistan olan Rusiyanın mövqeyini tamamilə itirməsi nəticəsində öz maraqlarını daha rahat təmin etmiş olar. Rəsmi Tiflis üçün də Avropa İttifaqının bölgəyə daxil olması optimaldır. Çünki, 6lıq platformada Rusiyanın yer alması və digər dövlətlərə nəzərən Gürcüstanın tək qalması onun platformada iştirakını əngəlləyirdi".

Züriyə Qarayeva bildirib ki, bölgədə sülhün deyil, əbədi münaqişə ocaqlarının var olmasından yana olan Rusiya məruz qaldığı sanksiyalar və pandemiya nəticəsində zəifləyən iqtisadiyyatı timsalında, üstəlik Ermənistanı öz orbitində saxlamaq məqsədilə birbaşa quru yol əlaqəsinin yaranması üçün 6-lıq platformaya qatılmaq məcburiyyətindədir: "Təbii ki, burada Türkiyənin diktəedici aktor olması amili də göz ardı edilməməlidir. İrana gəldikdə isə, İslam Respublikası bu platformada ABŞ-ın aparıcı rol almamasından məmnun olsa da, Türkiyənin bölgədə aparıcı aktora çevrilməsi, Azərbaycanın qərb sərhədlərinin bütövlüyünü təmin etdikdən sonra cənub sərhədləriylə bağlı düşünə bilməsi ehtimalı əlbəttə ki rəsmi Tehranı narahat edir. Elə ona görə də, İran Türkiyənin təklifindən ay yarım sonra "1 + 3" formatının ideyasını ortaya atdı. Qısacası, Paşinyan hakimiyyəti Ermənistanı Rusiyadan uzaqlaşdırıb, Türkiyə üzərindən Qərbə yaxınlaşdırmaq baxımdan, olduqca real şans qazanmış kimi görünür. Bu şansdan yararlanmaq üçün isə rəsmi İrəvanın Rusiyadan gələcək təzyiqləri dəf etməyə hazır olması vacibdir. Ermənistanın şansını düzgün istifadə edəcəyi təqdirdə isə, dəyişikliklər Qafqazda çox yaxında yeni geosiyasi arxitekturadan xəbər verir".

Füzuli

Mənbə:
0
532
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar