Azərbaycan MN: “Ermənistanın kəşfiyyat-diversiya qrupları sərhədi keçərək əraziləri minalamağa cəhd göstərib”

Azərbaycan Müdafiə Nazirliyi erməni diversiya qruplarının Ermənistan-Azərbaycan dövlət sərhədini keçməsi ilə bağlı açıqlama yayıb. Açıqlamada bildirilir ki, Ermənistanın kəşfiyyat-diversiya qrupları Azərbaycan sərhədini saat 3 radələrində Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində keçiblər. Və Azərbaycanın sərhədləri daxilində minalama işləri aparmağa və digər təxribat əməlləri törətməyə cəhd göstəriblər.

Saxta.info Azərbaycan Müdafiə Nazirliyinin açıqlaması ilə bağlı dəqiqləşdirmələr aparıb.

Öncə hadisənin detallarına diqqət edək. Azərbaycan tərəfinin yaydığı məlumata görə, Ermənistan silahlı qüvvələrinin iki kəşfiyyat-diversiya qrupu Azərbaycanın dövlət sərhədini 27 may saat 3 radələrində iki istiqamətdə keçib. Qruplardan biri 9, digəri isə 15 hərbçidən ibarət olub. Onlar ərazidə Azərbaycan hərbçilərinin təminat və digər keçid yollarını minalamağa cəhd göstəriblər. Azərbaycan Ordusunun keçirdiyi əməliyyat nəticəsində ermənilərin birinci kəşfiyyat-diversiya qrupundan 1-i zabit olmaqla 4, digərindən isə 2 hərbi qulluqçu olmaqla ümumilikdə 6 nəfər tərksilah edilərək saxlanılıb.

Qeyd edək ki, Ermənistan tərəfi hərbi qrupların tapşırığına dair açıqlama yayıb və bu qrupların əraziyə təxribat məqsədilə göndərildiklərini dolayı yolla etiraf ediblər.

İlk olaraq Ermənistan Müdafiə Nazirliyi hadisə ilə bağlı məlumat yayaraq hərbçilərin əraziyə mühəndis işləri aparmaq üçün göndərildiyini, Azərbaycan təfəfinin isə onları mühasirəyə alaraq əsir götürdüyünü açıqlayıb.

Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini Edvard Əsryan isə bildirib ki, hədəf yeni mövqeləri təchiz etmək məqsədilə Azərbaycan hərbçilərini mühasirəyə salmaq olub. Amma Azərbaycan tərəfi kəşfiyyat vasitələri ilə bundan xəbər tutaraq ermənilərin ərazidə irəlilədiyini aşkarlayıb.

Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan da etiraf edib ki, erməni hərbi qrupları sərhəddə təhlükəsizlik səviyyəsini qaldırmaq üçün ərazidə minalama işi həyata keçirirmiş.

Göründüyü kimi, Ermənistanın hərbi-siyasi rəhbərliyinin açıqlamaları üst-üstə düşmür. Biri məqsədin mühəndis işləri həyata keçirmək, digəri sərhəddə təhlükəsizliyi təmin etmək üçün mina basdırmaq, digəri isə Azərbaycan hərbçilərini mühasirəyə almaq olduğunu deyib. Bu isə Ermənistan tərəfinin sərhəddə baş verən hadisə ilə bağlı əsl təffərüatları gizlətməyə çalışıdığını deməyə əsas verir.

Ermənistan hərbi-siyasi rəhbərliyinin bu məsələdə sözü yalnız bir məqamda üst-üstə düşür. Guya Azərbaycan ordusunun bölmələri 6 erməni hərbçisini Ermənistan tərəfə keçərək əsir götürüb. İrəvan bu arqumentini sübut etmək üçün müxtəlif dezinformasiyalar yayır, ziddiyyətli açıqlamalar verir, müəmmalı xəritələr yayır.

Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın bu iddiasına kəşfiyyat-diversiya qruplarının saxlanıldığı ərazinin coğrafi koordinatlarını açıqlamaqla cavab verib. Həmin koordinatlar belədir: 40 dərəcə 09 dəqiqə 06 saniyə şimal enliyi, 45 dərəcə 58 dəqiqə 07 saniyə şərq uzunluğu (N 40°09′06″; E 45°58′07″).

Ermənilər Azərbaycan hərbçilərinin hər vəchlə 800-1500 metr, bəzi hallarda 3,5 km məsafədə Ermənistan ərazisinə daxil olduğunu sübut etməyə çalışsalar da bu koordinatlar sözügedən ərazinin məhz Azərbaycanın sərhədləri daxilinə düşdüyünü göstərir.

Ermənilərin tez-tez müraciət etdiyi keçmiş SSRİ Silahlı qüvvələri Baş Qərargahının topoqrafik xəritələrində də həmin ərazi Azərbaycanın sərhədləri daxilinə düşür.

Digər tərəfdən əsir götürülən erməni hərbçilərinin Ermənistan ərazisində olmasına dair İrəvanın iddiası əsaslı deyil. Bir anlığa nəzəri cəhətdən belə olduğunu qəbul edək. Bu halda sual yaranır: ermənilər sərhəddə hansısa yüksəklikdə deyil, niyə öz ərazilərində mühəndis işləri həyata keçirirdilər? Həm də 800-1500 metr arxda. Yaxud nəyə görə, öz ərazilərini minalayırdılar? Əgər doğrudan da öz ərazilərində olublarsa mühəndis-istehkam işlərini gecə saat 3 radələrində aparmağa nə gərək vardı? Bu prosesi gündüz vaxtı da icra etmək olardı.

Hərbi mütəxəssislər bildirirlər ki, mühəndis işləri kiçik qruplar tərəfindən icra edilmir. Belə qruplar yalnız kəşfiyyat-diversiya məqsədilə göndərilir.

Müdafiə və təhlükəsizlik üzrə ukraynalı ekspert Oleq Starikov caliber.az-a müsahibəsində ermənilərin gecə saatlarında mühəndis işləri “həyata keçirməsinə” diqqət çəkib. O deyib ki, istər hərbi, istərsə də mülki qurumlarda bu işlər iş vaxtı həyata keçirilir: “Bunlar isə guya gecə işləyirlər. Gecə saat üçdə işçilərin iştirakı ilə heç bir iş aparıla bilməz. Əgər müharibə və ya döyüş vəziyyəti deyilsə, həmin saatda xüsusi personal yatmalıdır. Nizamnamə bütün silahlı qüvvələr üçün eynidir”.

Qeyd edilənlərdən bu nəticəyə gəlmək olur ki, ermənilər Azərbaycanın sərhəd dəqiqləşməsi çərçivəsində öz ərazilərində mövqe tutmasına mane olmaq üçün bu varinata əl atıblar. Yəni Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasında deyildiyi kimi, mövqelərin təminat yollarına mina basdıraraq şəxsi heyətin itkisinə nail olmaq istəyiblər. Plan baş tutmadğından müxtəlif variantlar irəli sürməyə başlayıblar.

Saxta.info sadalanan faktorlara əsaslanaraq bu qənaətə gəlib ki, erməni kəşfiyyat-diversiya qruplarının sərhədi keçərək əraziləri minalamağa cəhd göstərməsinə dair Azərbaycan Müdafiə Nazirliyinin açıqlaması əsaslıdır.

Mənbə:
0
1132
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar