“Terrorizmə verilən dövlət dəstəyi “Taliban” reallığına şərait yaratdı”- Politoloq

“Müasir terrorizm qloballaşan dünyanın bütün texnoloji nailiyyətlərini mənimsəmək və insanlıq əleyhinə istifadə olunmaqla özü qlobal bir xarakter kəsb etməkdədir. Terrorizmin əsasında qloballaşmaya və qlobal siyasətə və daxili hakimiyyətə qarşı müqavimət, etnik separatizm, dünyada baş verən qeyri-bərabər və ədalətsiz proseslərə etiraz, həmçinin özlərinin maddi və mənəvi iddialarını reallaşdırmaq, gəlir götürmək, hansısa qeyri-qanuni ehtiyaclarını təmin etmək istəyi və s. dayanır. Qeyd edək ki, nisbətən kiçik dövlətlərdə baş verməkdə olan dövlət terror aktları dünya üçün böyük ictimai reaksiya doğurmur”.
Bu sözləri “Sherg.az”a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Ramid Hüseynov deyib.
Ekspert qeyd edib ki, halbuki, Fransada, Böyük Britaniyada, Almaniyada və digər Avropa dövlətlərində miqyasından asılı olmayaraq baş vermiş bu tip hadisələr xüsusi müzakirələrə səbəb olmaqla, daha çox ictimailəşdirilməklə, insanlıq əleyhinə bir cinayət olması nümayiş etdirilir və ölmüş hər bir vətəndaşın dəyəri və hörməti ən yüksək səviyyədə qiymətləndirilir:
“Əsasən də müsəlman dövlətlərdə yüzlərlə körpənin, qadının, yaşlının bir terror hadisəsində öldürülməsinə baxmayaraq bu qərbin reaksiyasına səbəb olmur. Belə bir sual yaranır, axı beynəlxalq səviyyədə qəbul edilmiş insan hüquq və azadlıqları kriteriyası ölkələrə uyğun dəyişirmi? Yoxsa bu kriteriyalar ancaq Qərb cəmiyyəti üçün keçərlidir? Digər tərəfdən belə düşünmək olar ki, terrorun həm də islamla əlaqələndirilməsi qərb dövlətlərinin “terrorla mübarizə adı altında” Şərqə, İslam dünyasına qarşı çıxmasına, silahlı hücu taktikasını həyata keçirməsinə fürsət yaradır. Məlum olan odur ki, islamın durmadan artan nüfuzu, müsəlmanların sayının çoxalması qərb dövlələrini bu addımı atmağa vadar edir. Əsasən də Yaxın Şərqdə baş vermiş hadisələrdən sonra müsəlmanların Avropaya miqrasiyası və demoqrafik vəziyyətin onların xeyrinə dəyişməsi qərb ictimaiyyətini gözlənilməz sürprizlərlə üz-üzə qoydu. Bu baxımdan baş vermiş terror hadisələrinin (“idarəolunan”) birbaşa islamla əlaqələndirilməsi ictimai fikirdə islama olan müsbət tendensiyaların qarşısının alınması, onun genişləndirilməsinə mane olunması məqsədi daşıyır. Təsadüfi deyil ki, ABŞ-da 11 sentyabr 2001-ci il terror aktının nə qədər dəhşətli olmasının ardınca terrorun mənbəyinin şərqdə, islam dövlətlərində axtarılması bu hadisənin siyasi mahiyyət daşıdığını, strateji plan olduğunu qısa zaman sonra ortaya çıxardı. İslam dünyasına qarşı nifrətin formalaşdırılması üçün “Əkizlərin” qurban verilməsi o dövr üçün yaxşı taktiki addım hesab oluna bilərdi. Hadisələrin sonrakı gedişində gözləntilərin əksinə olaraq yaranmış əks effektlər, ciddi problemlər ABŞ və müttəfiqlərini addımlarının yalnış olması ilə bağlı etirafları bunu bir daha sübut etdi”.
R.Hüseynov əlavə edib ki, böyük güclərinin bir-birlərinə qarşı mübarizədə məhz terror qruplaşmalarının “köməyindən” istifadəyə yol vermələri açıq mübarizədən çəkinərək, birbaşa iştirakdan kənar qalmasına fürsət yaradır:

“Başqa sözlə terror qruplarına dolayı dəstək dövlətlərə geosiyasi və geoiqtisadi maraqlarını təmin etmək, istehsal olunan yeni silahların sınağını və ya satışını həyata keçirmək, həm də təbii resurslar üzərində nəzarətin ələ keçirilməsi şansını qazandırır. İqtisadi, siyasi mübarizənin bu yolla həyata keçirilməsi daha effektiv olmaqla bərabər dövlətlərarası münasibətlərin bütünlüklə kəskinləşməsinin qarşısını alır. Belə hesab etmək olar ki, müasir terrorizm heç də hansısa bir qrupun yaratdığı təhlükə və təhdid deyil, məhz dövlətlərin bir-birlərinə qarşı mübarizəsinin başqa formada həyata keçirilməsi üsullarından biri kimi özünü göstərməkdədir. Bu qarşılıqlı mübarizədə dövlətlər üçün ən uyğun metod kimi görünə bilir. Deməli, terrorçu təşkilat olan “Taliban”ın Əfqanıstanda dövləti ələ keçirməsi, hakimiyyətə sahib olması bütün bunların məntiqi nəticəsi hesab olunur. O cümlədən, BMT kimi mötəbər təşkilatın, ABŞ, Fransa, Rusiya, Böyük Britaniya kimi beynəlxalq güclərin terrorçu təşkilatın bu addımına loyallıq nümayiş etdirmələri əsassız deyil. Əsasən də “Taliban”ın müasir cəmiyyətimiz, insan hüquq və azadlıqları üçün bir araya sığmayan idarəetmə formasını tətbiq etməsi, insan hüquq və azadlıqlarını kobud formada pozması, İslami dəyərləri tapdalamasına biganə qalmaları nədənsə ciddi şübhələr yaradır. Halbuki, “insan haqlarının müdafiəsi” adı altında tez-tez dövlətərə irad tutanlar, Suriyaya, İraqa, Liviyaya və digər dövlətlərə qarşı açıq müdaxilələr, sərt reaksiyalar verənlər taliblərə münasibətdə “sadə bəyənatlarla” kifayətlənirlər. Hətta Avropa Birliyinin qəbul etmədikləri terrorçularla əməkdaşlığa hazır olduqlarını bəyan etmələri də təzad yaradır. Görünür hazırkı geosiyasi-geoiqtisadi rəqabət mühitində, yeni dünya düzəninə hazırlıqda beynəlxalq güclərin mübarizə taktikası olaraq “Taliban”ın dövlət idarəetməsini ələ almasına yaşıl işıq yandırılması və hətta ən müasir silahlarla “mükafatlandırılması” təsadüfi deyil. Əks təqdirdə ABŞ kimi supergüc üçün prosesləri tənzimləmək, bu cür məcraya yönəlməsinə mane olmaq elə də çətin hesab oluna bilməzdi. “Əsl müsəlman” obrazında özünü nümayiş etdirən taliblər daha çox radikal düşüncə ilə islami dəyərlərə zərbə vurmuş olurlar. Onsuz da sosial-iqtisadi cəhətdən ciddi çətinliklər yaşanan Əfqanıstanda əlavə sərt prinsiplərin tətbiqi ölkənin gələcək taleyi üçün problemlər yaradır. Bunun əksini düşünənlər, yəni sabit və inkişaf edə biləcək cəmiyyətin formalaşacağını ümid edənlər belə, ölkənin terrorçuların – terrorçu təfəkkürünə malik olanların idarəetməsində olduqlarını nəzərə almalıdırlar. Əks təqdirdə, proseslərin daha da genişlənərək, Əfqanıstan hüdudlarından kənara çıxma etimalı heç də az deyil”.

Mənbə:
0
957
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar