Qənirə Paşayeva ilə “Addım – addım Özbəkistan” kitabı qardaş ölkədə böyük maraqla qarşılandı

Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Qənirə Paşayevanın "Addım – addım Özbəkistan” kitabı nəşr olunub.

AZXEBER.COM xəbər verir ki, qardaş ölkənin dövlət müstəqilliyinin 30-cu ildönümü ərəfəsində gün üzü görən kitabın redaktorları Beynəlxalq "Alaş” Ədəbi mükafatı laureatı Əkbər Qoşalı, "Ədəbiyyat qəzeti”inin şöbə müdiri Sərvaz Hüseynoğlu və tanınmış özbək şair-tərcüməçisi Şəhla Qasımovadır.

"CBS”-də nəfis tərtibatla çıxan 448 səhifəlik kitabın məsləhətçiləri isə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov və Özbəkistanın məşhur "Kitab dünyası” qəzetinin baş redaktoru Xasiyyət Rüstəmdir. Nəşrin redaksiya heyətinə həmçinin Arzu Bağırova (Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB sədri) və İntiqam Yaşar (DGTYB başqanı) daxildir.
Müəllif kitabın əsas hissəsini qardaş ölkəyə etdiyi səfərlərin təəssüratları əsasında yazdığını bildirib.

Bu kitab, Özbəkistanın timsalında Mərkəzi Asiyanın, Türk dünyasının, İslam aləminin qədim tarixi, zəngin mədəniyyəti haqqında dolğun bilgilərlə zəngin bir qaynaqdır. Kitabda Özbəkistanın dövlət atributları, müxtəlif statistik bilgilər, bu qardaş ölkə üçün Türk Şurasının VII Zirvə Görüşü ilə başlanan yeni dönəm, Özbəkistan - Azərbaycan əməkdaşlığı, Özbəkistanda Azərbaycan mədəniyyətini sistemli şəkildə təbliğ edən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi, Özbəkistanın tanınmış azərbaycanlıları barədə ətraflı söz açılıb. Həmçinin Özbəkistanın mədəniyyəti, ədəbiyyatı, şəhərləri, adət-ənənələri, ölkənin turizm və din mərkəzləri, Özbəkistana udunulmaz səfərlər də kitabda öz əksini tapıb, qardaş ölkənin möhtəşəm tarixi abidələri, tarixi şəxsiyyətləri haqqında da geniş məlumatlar verilib.

Nəşrdə Azərbaycan və Özbəkistan arasında yüksək səviyyəli münasibətlər, strateji partnyorluq, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev və Özbəkistan Respublikası Prezidenti Şavkat Mirziyoyev arasında görüşlərə xüsusi yer ayrılıb.

Müəllif kitabı, bugünlərdə Mədəniyyət Komitəsinin dəvəti ilə Azərbaycana səfərə gəlmiş tanınmış özbək aydınları – "Kitab dünyası” qəzetinin baş redaktoru Xasiyyət Rüstəm və araşdırmaçı-yazar Şöhrət Barlasla (Salamov) Mədəniyyət Komitəsində keçirilən görüşdə onlara hədiyyə edib.

Qənirə Paşayevanın "Addım-addım Özbəkistan” kitabı Özbəkistanda böyük rezonans doğurub, müxtəlif media orqanlarında (https://kultura.uz/view_2_r_16895.html , http://tnews.uz/ganira-pashayevaning-o%CA%BBzbekiston-qadam-baqadam-kitobi-nashr-etildi/ , https://human.uz/6/35/1792) bu barədə yazılar verilib. Nəşr artıq Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov tərəfindən Özbəkistanın Xarici ölkələrlə millətlərarası münasibətlər və dostluq əlaqələri Komitəsinin sədri Rustambek Qurbanovа təqdim edilib.

Kitab Özbəkistanın və Azərbaycan mədəniyyət mərkəzlərinə, kitabxanalara, ali təhsil ocaqlarına, eləcə də, dövlət və ictimai qurumlara hədiyyə ediləcək. Qarşı günlərdə "Addım-addım Özbəkistan”ın Azərbaycanda və Özbəkistanda onlayn, gələcəkdə biləvasitə təqdimatının keçirilməsi nəzərdə tululub.
Sonda onu da əlavə edək ki, Qənirə Paşayeva bu kitabı Türk dünyasının birliyi və güclənməsi üçün çalışmış böyük şəxsiyyətlərimizin ruhuna ehtiram, bu gün də eyni amal uğrunda fədakarlıq göstərən aydınlarımıza şükranlığın ifadəsi olaraq qələmə alıb.

İndiyədək müxtəlif mövzulu və janrlı kitablarla oxucu qəlbinə yol tapmış Qənirə Paşayevanın kitabları içində türk dünyası əsərləri özəl yerə sahibdir. Maraqlı üsluba və süjet xəttinə malik olan bu kitabın da "Türk dünyası kitabxanası”nda öz haqq etdiyi yeri alacağına, türkoloqlar, kulturuloqlar, regionşünaslar, o cümlədən gənclər tərəfindən maraqla qarşılanacağına inanırıq.
Mənbə:
0
153
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar