Şəhid həyat yoldaşının arzusunu reallaşdıran xanım - FOTOLAR

Əzizə Həsənova: "Universitetə qəbul olduğum gün Fariz yuxuma gəldi, məni təbrik etdi. Qızım birinci sinfə qəbul olanda dedi ki, atam evdə gözümün qabağından keçdi. Sonra isə yuxuda görüb. Fariz deyib ki, Sevinc, sənə nə alım? "Yoldaşım mənə o ruhu aşılayıb ki, çalış, heç kim səni yazıq gözündə görməsin. Qoy desinlər ki, qürurludur, mərddir. Mən də dediklərinə əməl etməyə, onun bütün arzularını reallaşdırmağa çalışıram. Onlardan biri də mənim ali təhsil almağım idi. Həmişə deyirdi ki, bir qadının, ananın oxumağı gələcək bir nəslin təhsilli olması deməkdir”. Bu sözləri "Kaspi” qəzetinə müsahibəsində şəhid Fariz Həsənovun həyat yoldaşı Əzizə Həsənova bildirdi. Ölümündən sonra həyat yoldaşının arzusunu yerinə yetirərək tələbə adını qazanan Əzizə Həsənova redaksiyamızın qonağı oldu.

"Ali təhsil almaq istəyirdim”
Ə.Həsənova deyir ki, orta təhsili başa vurandan sonra ali təhsil almaq istəyirmiş, amma alınmayıb: "Ziyalı ailəsində doğulmuşam. Babam məktəb direktoru olub, nənəm də kəndin baş həkimi idi. Ailədə təhsilə meyillilik olub. Bizim evin yarısından çoxu kitabxana idi. Babamın bədii əsərləri evin bəzəyi idi. Gözümü açıb evdə kitab görmüşdüm. Məndə də kitablara maraq yaranmışdı, oxuyurdum. Orta məktəbi bitirəndə də ali təhsil almaq istəyirdim. O vaxt mövcud şərait istədiyim qədər hazırlaşmağa imkan vermədi. Çalışırdım, amma gücüm çatmadı, kollec təhsili aldım”.
"Məni hər zaman motivasiya edirdi”
Ailə qurandan sonra həyat yoldaşı onu özünüinkişaf, ali təhsil almaq mövzusunda motivasiya edir: "Yoldaşım qadını məhdudlaşdıran biri deyildi, müasir idi. Deyirdi ki, qadın təhsilli, baxımlı olmalı, səliqəli geyinməlidir. Biz yoldaşımın işi ilə əlaqədar Qazaxın Kəmərli kəndində qalırdıq. Fariz nəinki təhsil mövzusunda, bütün mövzularda məni hər zaman motivasiya edirdi”.

"Zəng vurub deyəcək ki, oxu”
Tək motivasiya etmir, həm də dəstək olurmuş: "Ailə qurandan sonra ali təhsil almaqla bağlı içimdəki motivasiya ölə də bilərdi. Bəlkə də ailəyə, uşağa baş qarışardı, heç nə etməzdim. Amma yoldaşım məndə mübarizə ruhunu hər keçən gün daha da gücləndirirdi. Bəzən ev işlərini filan görürdüm, sonra boş olurdum. Yoldaşım zəng vurub boş olduğumu eşidəndə, "özünü inkişaf etdir”, "kitabları qarşına qoy, oxu” və s. deyirdi. Mən bir az qapalı idim, o, mənə dəstək olurdu. Onun özünüinkişafa necə diqqətlə yanaşması məndə məsuliyyət yaratmışdı. Düşünürdüm ki, indi boşam, Fariz zəng vurub deyəcək ki, oxu. Rus dilini bilmirdim, mənimlə rusca danışırdı ki, öyrənim. İndi də rusca biliyim çox deyil, amma nə öyrənmişəmsə, onun sayəsində olub. Evə kompüter də aldı, dedi ki, kompüter kursuna get, öyrən. Mən getmək istəmirdim, təkid edirdi. Deyirdi ki, özünə də xeyirdir, uşaqların gələcəyi üçün də vacibdir. Deyirdi ki, uşaqlar məni görmürlər, bəlkə də heç görməyəcəklər, amma sən onların yanındasan. Nə vaxtsa bizi tərk edəcəyini sanki hiss edirdi”.

"O arzularından biri də təhsilimdir”
Farizlə Əzizə 2012-ci il sentyabrın 30-da ailə qurmuşdular. 8 illik evlilik. Bu müddətdə Fariz daim həyat yoldaşının təhsil almasına çalışsa da, necəsə Əzizənin ali təhsil alması ildən-ilə qalırmış: "Mən valideynlərimi də itirmişəm. Yoldaşım mənə ata-anamı əvəz edirdi. Onların yoxluğunu hiss etdirmirdi. Fariz həyatdan köçəndən sonra tək olduğumu hiss etdim. Gördüm ki, ağlayıram, mənimlə bərabər övladlarım da çökür. Yoldaşım da onları mənə əmanət edib. Onların məndən başqa heç kimi yoxdur. Son gedişində bildirdi ki, bu, dönüşü olmayan gediş ola bilər. Dedi: "Uşaqlara yaxşı bax, oxut, möhkəm ol, çalış heç kimin qarşısında əyilmə”. Deyirdi ki, ağlasan, bir sən ol, bir zülmət gecə, bir də yastıq. Heç kim göz yaşlarını görməsin. Deyirlər ki, ağrı insanı gücləndirir. Məndə də belə oldu. Fariz şəhid olandan sonra onun arzularını həyata keçirməyi qarşıma məqsəd qoydum. O arzularından biri də təhsilim idi”.

"Psixoloji olaraq dəstəyini hiss edirəm”
Farizin vaxtilə dediyi sözlər ona daim dəstək olur və qısa müddət hazırlaşıb universitetə qəbul olur. Ə.Həsənova deyir ki, Farizi yanında hiss edir və bu, ona güc verir: "Universitetə qəbul olduğum gün Fariz yuxuma gəldi, məni təbrik etdi. Qızım birinci sinfə qəbul olanda dedi ki, atam evdə gözümün qabağından keçdi. Sonra isə yuxuda görüb. Fariz deyib ki, Sevinc, sənə nə alım? Sevinc də deyib ki, mənə qanadlı mələk al, ata... Onu yuxumda görəndə, pozitiv oluram, inanıram ki, yanımdadır, ölməyib, sağdır. Psixoloji olaraq dəstəyini hiss edirəm, özümdə güc tapıram, ayaqlarım üstündə durmağımın vacibliyini dərk edirəm. Mən çöksəm, Farizin də, uşaqların da çökəcəyini hiss edirəm”.

"Ayaqlarım üstündə durmağı bacarmalıyam”
Əyani təhsil alacaq. Deyir ki, analıq məsuliyyəti ilə yanaşı, təhsil almaq onun üçün çətin gəlmir: "Çünki ən böyük çətinlikləri yaşamışam. Artıq "çətinliyim sınağımdır” deyib irəli gedirəm. Fariz həmişə deyirdi ki, həyat mübarizədir, gərək mübarizə aparmağı bacarasan. O mübariz insan idi, mənə də bunu aşılayırdı. Onunla həmişə fəxr etmişəm, indi də edirəm. Həyatla mübarizədə çökməmək üçün çalışıram. Həyat mənə nə qədər çətin üzünü göstərsə də, ayaqlarım üstündə durmağı bacarmalıyam. Gərək hər çətinliyə sinə gərim, uşaqları elə böyüdüm ki, atasızlığı hiss etməsinlər. Onları elə yetişdirməliyəm ki, şəhidimin adına layiq olsunlar”.

Əzizənin bakalavrdan sonra magistr təhsili almaq da fikri var.

Farizin dünyadakı siması
Müsahibimiz sonda qeyd etdi ki, nə qədər ömrü var, həyat yoldaşının arzularını yerinə yetirmək üçün çalışacaq: "Öz təhsilim Farizin arzularından biri idi, onun əsas hissəsinə nail oldum. Övladlarımın təhsilli olmasını istəyirdi, bunun üçün də əlimdən gələni edirəm və edəcəyəm. Digər arzularını da reallaşdırmaq üçün ömrümü sərf edəcəyəm. Fariz bu dünyada yoxdur, amma mən və övladlarım onun dünyadakı simasıyıq və onu bu dünyada təmsil edirik”.
Aygün Asimqızı
 

Mənbə:
0
357
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar