Ermənilərin Zas məyusluğu

Ermənistan bu dəfə də KTMT-dən "yox” cavabı aldı
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi Stanislav Zas bu həftə Ermənistana səfər edib. İki günlük səfər çərçivəsində S.Zas Ermənistanın baş naziri Nikol Paşinyan, xarici işlər nazirinin səlahiyyətlərini icra edən Armen Qriqoryan və müdafiə naziri Arşak Karapetyanla görüşüb, həmçinin Ermənistan Təhlükəsizlik Şurasının ofisini ziyarət edib. Yerevanda bu səfərə böyük ümidlər bəsləsələr də, nəticə hakimiyyətin və cəmiyyətin ürəyincə olmayıb.

Tarixə qovuşan nəticəsiz səfər
KTMT Ermənistan-Azərbaycan qarşıdurmasında tərəf tutmaq istəmədiyindən, 44 günlük Vətən Müharibəsində olduğu kimi 10 noyabr üçtərəfli Bəyanatı imzalanandan sonra da rəsmi Bakının maraqlarına zidd addım atmayıb. S.Zas Yerevanda keçirdiyi bütün görüşlərdə, hətta erməni jurnalistlərinin iştirakı ilə keçirilən mətbuat konfransında da ehtiyatlı açıqlamalar verib, Azərbaycan əleyhinə hər hansı fikir bildirməyib. Təbii ki, bu, Ermənistan hakimiyyətini və cəmiyyətini məyus edib. Politoloqlar, siyasi şərhçilər Yerevanın son vaxtlar ən çox gözlədiyi, ümidlər bəslədiyi səfərin artıq tarixdə qaldığını, lakin KTMT-dən gözlənilən dəstəyin Ermənistana göstərilmədiyini təəssüflə qeyd ediblər. Erməni siyasi şərhçi Tevos Arşakyan KTMT Baş katibi S.Zasın Yerevanda ona məruzə olunan bütün problemlərdən xəbərdar olduğu halda Bakıya bir dəfə də olsun xəbərdarlıq etmədiyini, bəyanat səsləndirmədiyini dilə gətirib. Qeyd edib ki, yaxın perspektivdə KTMT tərəfindən Ermənistana münasibətin dəyişməsini gözləmək axmaqlıqdır.

Ermənistanın hiyləgər siyasəti
Göründüyü kimi, Ermənistanın bu dəfə də KTMT-dən "yox” cavabı alması rəsmi Yerevanı və erməni cəmiyyətini sarsıdıb. Politoloq Şəbnəm Həsənova hesab edir ki, Ermənistan tərəfi hər vəchlə KTMT-ni Azərbaycana qarşı yönəltməyə çalışır. Onun sözlərinə görə, dəfələrlə sözügedən qurum Ermənistanın bu ümidlərini puça çıxarıb: "Əvvəla, təşkilatın nizamnaməsinə uyğun olaraq üzv dövlətlərdən hər hansı birinin ərazisinə təhlükə, yaxud hücum olarsa, digər üzv dövlətlər köməyə gəlirlər. Azərbaycan Ermənistanın ərazisinə nə hücum edir, nə də belə bir təhlükə yaradır. Sərhəddə davamlı təxribatlar törətməklə KTMT-ni, xüsusilə də Rusiyanı bu istiqamətdə cəlb etmək elə Ermənistanın hiyləgər siyasətidir. Bundan əlavə, Azərbaycanın KTMT-yə üzv olan dövlətlərlə münasibətləri yüksək səviyyədədir. KTMT-nin baş katibi Stanislav Zasın Ermənistana səfəri zamanı onun Azərbaycanın əleyhinə, ya da üzv dövlətlərlə münasibətlərinin ruhuna zidd heç bir bəyanat verməməsi Ermənistanın əlini bir daha boşa çıxartdı. Erməni jurnalistlər nə qədər canfəşanlıq etsələr də, Zas Ermənistan-Azərbaycan dövlət sərhədlərinin delimitasiya və demarkasiya məsələsi ilə bağlı Azərbaycanın əleyhinə hər hansı fikir bildirmədi. Beləliklə də, Ermənistan bu dəfə də KTMT-dən "yox” cavabı aldı. Bir sözlə, Ermənistanın son çırpıntıları da nəticəsiz qaldı”.

Yarımçıq qalan arzular
Ş.Həsənovanın söylədiyinə görə, Ermənistanın müdafiə naziri A.Karapetyan bazar ertəsi, avqustun 9-da KTMT baş katibi S.Zasla görüşündə bildirib ki, əgər Ermənistan-Azərbaycan sərhədində vəziyyət sülh yolu ilə həll olunmasa, "Yerevan güc tətbiq etmək hüququnu özündə saxlayır”. Politoloqun fikrincə, Karapetyan 2016-cı ildə aprel döyüşləri zamanı təpələrinə dəyən və Vətən müharibəsi zamanı onu tamamilə deşən "dəmir yumruğu” tez unudub: "Əvvəla, vəziyyəti gərginləşdirən, təxribat törədən Ermənistandır. İkincisi, Azərbaycan Ermənistanın bu təxribatlara son qoymalı olduğunu bildirərək qalib tərəf olaraq Ermənistana sülh təklif edib. Üçüncüsü, söhbət gücdən gedirsə, o zaman hərbi və siyasi güc üstünlüyünə malik tərəf Azərbaycandır. Sərhəddə mövqelərimiz bərpa edilib və daha da möhkəmləndirilir. Ermənistan ordusu isə baş qərargah səviyyəsində tam məhv edilib. Karapetyan bunların hamısını anlamalı və nəzərə almalıdır. Ermənistan diqtə ilə hansısa dairələrin maraqlarını və ya yarımçıq qalan arzularını təmin etməyə son qoymalıdır. Ermənistanın gələcək perspektivləri və bütövlükdə regionun inkişafı Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi nəticəsində formalaşdırılan yeni geosiyasi reallıqla barışmaqdan keçir”.
Rufik İSMAYILOV

Mənbə:
0
422
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar