Ermənilər üçün xilas yolu

"Star”: "Ərdoğanın təklifi Ermənistanı asılılıqdan xilas etməyə yönəlmiş bir təklifdir" 44 günlük Vətən müharibəsinin nəticələri əsasında imzalanan üçtərəfli Bəyannamə tək Cənubi Qafqazda deyil, bütövlükdə bölgədə yeni reallıqlar yaradıb. Zəfər müharibəsi Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə yanaşı, həm də regionda köklü dəyişikliklərə gətirib çıxarıb. İllərdir işğalçılıq siyasətinə görə blokada vəziyyətində qalan Ermənistan üçün tarixi şans yaranıb. Xatırladaq ki, Ermənistan hökumətinin qarşıdakı 5 il üçün proqramında Türkiyə ilə münasibətlərin normallaşdırılması ilə bağlı da bənd var. Fikir ayrılıqları olsa da... Bu günlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistana növbəti mesajını göndərib: "Fikir ayrılıqları olsa da, bir-birinin ərazi bütövlüyünə və suverenliyinə hörmət də daxil olmaqla etimad əsasında yaxşı qonşuluq münasibətlərinin inkişafı üçün səmimi səy göstərmək məsuliyyətli bir hərəkət olardı. Yaxın tarix düşmənçilik mənbəyi olmamalıdır. Davamlı sülh və bir yerdə yaşamaq üçün konstruktiv addımlar atılmalıdır. Birtərəfli ittihamlar yerinə, gələcəyə baxan, realist yanaşmalar üstünlük təşkil etməlidir. Bu istiqamətdə hərəkət etməyə hazır olduğunu bəyan edən Ermənistan hökuməti ilə münasibətlərimizi tədricən normallaşdırmaq üçün çalışa bilərik”. "Şərəfli bir təklifdir" Türkiyə prezidentinin məlum bəyanatını şərh edən "Star” qəzetinin köşə yazarı Halime Kökce Ermənistanı Türkiyə prezidentinin təklifinə müsbət yanaşmağa çağırır. "30 ildir davam edən Qarabağın erməni işğalından azad edilməsində Türkiyə çox əhəmiyyətli rol oynadı. Türkiyə ilə Azərbaycan arasında "bir millət, iki dövlət" şüarına uyğun uğurlu bir əməliyyat həyata keçirildi. Türkiyə Ermənistanla sərhəd qapılarını açacağına söz verib. Bu, Ermənistanı Qərbdən asılılıqdan xilas etmək üçün şərəfli bir təklifdir"- deyə bildirib. Çoxlarını düşündürən məsələ odur ki, görəsən, Ermənistanın məhdud milli potensialı, coğrafiyasının qeyri-məhsuldarlığı, başqa dövlətlərin əlində alətə çevrilməsi davam edəcəkmi, yoxsa kin, nifrət və işğalçı niyyətləri bir kənara qoyub Türkiyə və Azərbaycanla normal qonşuluq münasibətləri yaradacaq? Həqiqətən də, rəsmi İrəvanla birlikdə artıq Qərb ölkələrinin də bu yol ayrıcından çıxaraq qərar vermək zamanları çatıb. Azərbaycanın maraqlarına uyğundur Sözsüz ki, həm Ermənistan baş nazirinin müsbət mesajlar haqqında söylədikləri, həm də Ərdoğanın səsləndirdiyi fikirlər tamamilə Azərbaycanın maraqlarına uyğundur. Ərdoğan yenə də kommunikasiyaların açılması, regionun çiçəklənməsi, inkişafı üçün bir sıra layihələr irəli sürür, Zəngəzur dəhlizinə də diqqət yetirir. Bildirir ki, Azərbaycanın tələbləri bizim tələblərimizdir, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Sərhədlərin delimitasiyasını həyata keçirməlidir. Bundan sonra Türkiyə və Ermənistan arasında, həmçinin Azərbaycan və Ermənistan arasında əlaqələr normallaşa bilər. Regionu əhatə edən məsələlər Rusiya ilə də razılaşdırılır. Ermənistan vəziyyətini düzəltmək üçün istiqamətini Türkiyə və Azərbaycana çevirməlidir. Paşinyanın gündəmə gətirdiyi "müsbət siqnallar” mövzusu yeni bir şey və sürpriz deyil. Ancaq burada yanlış anlaşılmanın qarşısını almaq üçün bir məsələyə aydınlıq gətirmək lazımdır. Belə ki, sözügedən məsələdə ilk ciddi addım rəsmi İrəvan tərəfindən atılmalıdır. Erməni isteblişmenti nə düşünür? Rəsmi Yerevan Türkiyə prezidentinin Ankaranın Ermənistanla münasibətləri normallaşdırmağa hazır olduğuna dair bəyanatına münasibət bildirməyib. Bununla belə, Ermənistanın millət vəkilləri və başqa siyasilər Türkiyə liderinin bəyanatını şərh ediblər. Ermənistan parlamentinin xarici münasibətlər komissiyasının rəhbəri, hakim "Vətəndaş Müqaviləsi” partiyasından deputat Mariya Karapetyan Ankaranın bəyanatını pozitiv siqnal adlandırıb. "Erməni xalqı Ermənistanın regionda dinc inkişafı erasının açılışı üçün bizə mandat verib və biz bu istiqamətdə hətta ən kiçik imkandan da istifadə etməliyik. Ələlxüsus da, bütün bunlar Ermənistanın maraqlarının nəzərə alınaraq baş verəcəksə. Biz həm də başa düşməliyik ki, sülh Ermənistanın, onun xalqının maraqlarına cavab verir və biz bunu nəzərə almaqla irəliyə doğru hərəkət edəcəyik. Bəli, bu mənada müsbət siqnal müsbət qarşılanır”. Koçaryanın adamı da... Deputat onu da bildirib ki, Ərdoğan Türkiyə və Azərbaycanın ərazi bütövlüyündən danışsa da, Ermənistanın hakim partiyası bunda hər hansı ön şərt görmür: "Mən onun çıxışında "şərt”, "ön şərt” sözlərini və ya bu kimi hər hansı sərt mövqeyə işarə görmədim”. Buna baxmayaraq, Ermənistan parlamentində təmsil olunan iki müxalif partiyanın deputatları əmindirlər ki, Türkiyə tərəfi İrəvan üçün məqbul olmayacaq şərtlər irəli sürür. Keçmiş prezident Robert Koçaryanın "Hayastan” seçki blokundan seçilmiş deputat Geqam Manukyan belə deyib: "Ərdoğanın bu bəyanatlarında bir neçə sadə düstur var: Ermənistan Türkiyə və Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır və deməli, Qarabağın gələcək statusu ətrafında hər hansı diplomatik fəaliyyətlərdən, erməni soyqırımının beynəlxalq tanınmasından imtina etməlidir. Burada daha təhlükəli məqam da var. Ərdoğan regional və daha geniş mənada "altılıq” adlanan formulla KTMT çərçivəsində təhlükəsizlik sisteminin dağıdılmasını təklif edir”.
Sarkisyanın adamı da öz ampluasında Keçmiş prezident Serj Sarkisyanın adı ilə bağlı "Şərəfim var” blokundan seçilmiş deputat Tiqran Abramyan da bu qənaətədir: "Türkiyə prezidentinin pozitiv siqnallarla çıxış etməsi ilk baxışdan belə görünür. Amma siz onun dediklərinin sətirarası mənasına fikir versəniz, görərsiniz ki, onun cavabında indiyədək mövcud olan ön şərtlər daha yumşaq şəkildə ifadə olunub. Onun ərazi bütövlüyü məsələsinə istinad etməsi, təbii ki, Ermənistanın maraqlarından doğmur”. Politoloqun qənaəti Politoloq Benyamin Poqosyan isə Türkiyə prezidentinin bəyanatında Ermənistan üçün hər hansı ön şərt görmür: "Əgər biz Türkiyənin nöqteyi-nəzərindən baxsaq, iki əsas problem vardı: biri Qarabağ məsələsi idi. Türkiyə bu məsələni bağlanmış hesab edir. Ermənistan hökumətinin proqramına baxanda mən də bu nəticəyə gəlirəm ki, Ermənistan hökuməti üçün də Qarabağ məsələsi bağlanıb. Soyqırımın beynəlxalq tanınması məsələsi də artıq Türkiyə üçün 2015-ci ilədək olduğu qədər təhlükə kimi qəbul olunmur. Deməli, bu məsələ də aktuallığını itirib. Burdan belə çıxır ki, bəli, Türkiyə münasibətlərin normallaşdırılmasına və sərhədlərin açılmasına hazırdır”. Beləliklə, gəlinən qənaət budur ki, təklif Ermənistanın xilasına yönəlib. Və Türkiyə humanizm göstərərək illər uzunu türk xalqına qarşı törətdiyi vəhşilikləri, düşmənçiliyi bir kənara qoymağa hazırdır. Ermənistan da bundan yararlanmalıdır. Əks təqdirdə özünü dalana dirəmiş vəziyyətdə saxlamaqda davam edəcək.
Azər

Mənbə:
0
471
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar