Əfqanıstan yenə “böyük oyun”da

"Taliban” həqiqətən kiminsə layihəsidir, yoxsa müstəqil hərəkat kimi ortaya çıxıb? 20 illik səy, amerikalı vergiödəyicilərinin on milyardlarla dollar vəsaiti, heç kimin vecinə də almadığı NATO və əfqan hərbçilərinin minlərlə həyatı - uğursuz müdaxilənin belə bir faciəvi sonu. Əfqanıstanda baş verənləri məhz belə xarakterizə etmək olar. Orta əsr şəriət əmirliyi qurmaq istəyən "cübbəli tələbə”lər 21-ci əsrin ən qüdrətli dövlətini çox pis duruma saldılar. Uzaq-yaxın Əfqanıstanda baş verənlər, az qala dünyanın əksər ölkələrində yaşından asılı olmayaraq hər kəsin ən çox müzakirə etdiyi məsələdir desək, yanılmarıq. Dünya qorxu içində Düzdür, "Taliban” Əfqanıstan hakimiyyəti ilə bir müddət idi ki, hərbi əməliyyatlar aparırdı. Lakin heç kim bu sürətlə hakimiyyətin süqut edəcəyini gözləmirdi. Bir günün içində dünyəvi hakimiyyətin süqut etməsi dünyanı şoka salmaqla yanaşı, yenidən qorxutdu. Söhbət ötən əsrin 90-cı illərin sonunda, 2000-ci illərin əvvəllərində yaşananların yenidən təkrarlana biləcəyindən gedir. Hərəkat, 2001-ci il sentyabrın 11-də Nyu-Yorkdakı terrordan sonra Əfqanıstan istiqamətində başlanılan hərbi kampaniya nəticəsində itirdiyi hakimiyyəti, demək olar, bir anda götürdü. Hərəkatın sürətli qayıdışı, bəlkə də, onun Əfqanıstanda, belə desək, böyük xalq dəstəyinə sahib olduğundan xəbər verir, əks təqdirdə ABŞ və NATO-nun müdaxilə etməməsi halında belə sırf hərbi baxımdan bu cür sürətli keçid kifayət qədər çətin olardı. Həqiqətən də, nə amerikalılar, nə də avropalılar "Taliban”ın belə sürətli qələbəsini gözləmirdilər. Məsələn, ABŞ-da hesab edirdilər ki, onların hava dəstəyi ilə dünyəvi dövlət payızın sonuna kimi duruş gətirə biləcək. Avropada isə çoxları uzunmüddətli vətəndaş müharibəsinin yaşanacağını proqnoz edirdilər. Bunların da heç biri olmadı. Rusiya da eyni mövqedə idi. Beləliklə, heç kəsin ağlına belə gəlmədiyi proses yaşandı. Bəlli oldu ki, Birləşmiş Ştatların aktiv dəstəyi ilə formalaşan hakim əfqan rejimi əhali arasında heç bir dəstəyə malik olmayan bir rejimdir. Onun uğrunda nə amerikalıların hazırladığı xüsusi təyinatlılar, nə yerli polis və ordu ölməyə hazır deyil. Ən acınacaqlısı isə o oldu ki, son günlərə kimi "taliblər”in tələb etdikləri koalision hökumət qurulmasını rədd edən ölkənin qanuni prezidenti Əşrəf Qəni Əhmədzayın özündən başqa heç kimi təmsil etmədiyi bəlli oldu. Beləliklə, bu gün "taliblər”in nəzarəti altında olmayan bir əyalət qalıb - Pəncəbad. Orada da yaraqlılara Əhməd Məsud rəhbərlik edir. Bu şəxs isə əfsanəvi səhra komandiri Məsud Şahın oğludur. Əşrəf Qəni qaçandan sonra özünü prezident elan edən Əmrulla Saleh də onunla birlikdədir. Koalision hökumət formalaşacaq? İndi "taliblər”, çox güman ki, müvəqqəti hökumət formalaşdıracaq. Artıq yeni hökumətin formalaşdırılması prosesi kölgədən çıxır. Ötən gün Kabildə bir vaxtlar barışmaz düşmən olan sabiq prezident Həmid Kərzayi və milli barışıq üzrə Ali Şuranın sədri Abdulla Abdulla ilə "Taliban”ın nümayəndəsi Anas Hakkani və keçmiş baş nazir, İslam Partiyasının sədri Gülbəddin Hikmətyar görüşüblər. Anasın qardaşı Siracuddin "Taliban”ın ali rəhbərinin müavinidir. Hakkaninin atası isə vaxtilə Əfqanıstanın ən sərt terrorçularından biri kimi tanınmaqla yanaşı, "Hakkani şəbəkəsi”nin rəhbəri olub. Ekspertlər indidən bildirir ki, "taliblər” real hakimiyyətə yeni qüvvələrin daxil olmasına imkan verməyəcək. Koalisiya yaradılsa belə, bu, nominal bir məna kəsb edəcək. Bununla da islamçıların beynəlxalq arenadakı imicini dəyişməyə çalışacaqlar. Maraqlıdır ki, danışıqlara "Taliban”ın Dohada yerləşən ofisinin rəhbəri molla Əbdül Qəni Baradar də qatılıb. Heyət Kabil aeroportuna deyil, hələ də NATO nəzarəti altında olan Qəndəhar aeroportuna enib. "Taliban” daha terror təşkilatı deyil? Ekspertlər diqqəti bir məsələyə yönəldirlər - "Taliban” legitimlik qazanmaq üçün hansı addımları atacaq - seçkiyə gedəcək, ya istədiyi kimi hökuməti formalaşdıracaq? Qərb ekspertləri hesab edir ki, "Taliban”ın Əfqanıstanda hakimiyyəti ələ keçirməsi hələ onun terror təşkilatı olmadığı gerçəyini dəyişmir. "Taliban”ın hakimiyyəti o vaxt legitim olacaq ki, o, Əfqanıstanda qanuni şəkildə seçkiyə qatılıb qalib gəlsin. Bundan sonra onun terror təşkilatı statusu ləğv edilə bilər. Beynəlxalq hüquqda terror təşkilatı statusu almış bir təşkilatın statusunun ləğv edilməsinə dair tənzimləmə mexanizminin olmadığı bəllidir. Hazırda bir sıra dünya dövlətləri də buna görə tərəddüd içərisindədir. Çünki əksər ölkələr və təşkilatlar "Taliban”ı terror təşkilatı kimi tanıyır. Lakin bununla belə hesab etmək olar ki, tədricən bu ölkələr "Taliban”la münasibətlər quracaqlar. Yəni hələ "Taliban”ı Əfqanıstanın qanuni hakimiyyəti olaraq tanımasalar da, onunla münasibətlər yaradacaqlar. Çünki bu bir seçim deyil, zərurətdir. Məsələ ondadır ki, "Əfqanıstan” deyə bir dövlət var və istər-istəməz bu ölkə ilə bu və ya başqa formada əlaqələr qurulmalıdır. Hazırda hakimiyyətdə "Taliban”dırsa, dünya dövlətləri də məcbur olub onunla əlaqə qurmalıdır. "Taliban” indiki halda dünya dövlətləri tərəfindən Əfqanıstanın legitim hakimiyyəti olaraq tanınmasını istəyirsə, bir sıra addımlar atmalıdır. Yəni "Taliban” orta əsrlərdən qalma feodal idarəetmə üsulu ilə deyil, müasir dövrün qanunları ilə Əfqanıstanı idarə etsə, qanuni seçkilər keçirsə, bu zaman dünya dövlətləri də "Taliban”ı terror təşkilatı kimi deyil, Əfqanıstan hakimiyyəti olaraq tanıya bilər. Əfqanıstan Mərkəzi Asiya üçün təhlükədirmi? Əfqanıstanda gərginlik Mərkəzi Asiya regionu üçün də mürəkkəb bir vəziyyət yaradır. Burada birbaşa oyunçular olan İran, Çin, Rusiya, Türkiyə, Pakistanın hər biri öz risk və problemləri kontekstində "Taliban”la razılığa gəlməyə çalışır. Lakin yumşaq desək, bu razılaşmaların nə qədər sabit və etibarlı olacağını söyləmək çətindir. Məsələ burasındadır ki, Əfqanıstana qayıdan "Taliban” sürətli hərbi uğura baxmayaraq, indi özünü tam şəkildə qurmaq, sükanı ələ almaq və sabitləşmək üçün bir qədər zamana ehtiyac duyur. Buna görə də, "Taliban” da bu çoxtərəfli razılaşmalarda maraqlıdır. Hərəkat Əfqanıstan hakimiyyəti statusunda möhkəmləndikdən, habelə daha böyük həcm və ambisiyalarla regional oyuna cəlb edildikdən sonra nə edəcək? Çin, İran, Rusiya, Türkiyə və ya Pakistanla razılaşmalar nə qədər davam edəcək? Və mümkün "çöküş” və "Taliban” ambisiyası hansı istiqamətdə hərəkət edəcək? Məsələ burasındadır ki, bir qayda olaraq radikal totalitar qapalı rejimlər bu ambisiyaları olmadan etibarlı və güclü ola bilməzlər. Buna görə də, "Taliban” yalnız Əfqanıstanla məhdudlaşa bilməz. Vəziyyət Rusiya üçün də təhlükəlidir. Radikalizm dalğasını dayandırmaq praktiki mümkünsüz ola bilər. Bir faktı da qeyd edək ki, Əfqanıstan Çinin 2013-cü ildən planlaşdırdığı və 2049-cu ildə bitirməyi hədəflədiyi "Bir kəmər, bir yol" layihəsində önəmli nöqtədir. ABŞ da hər vəchlə bu layihənin əksinə çıxır. ABŞ Qətərə arxayındır? Ekspertlər diqqəti Qətər nümayəndəsinin "Taliban”a rəhbər gətirildiyinə də yönəldirlər. Qətər Yaxın Şərqin açar ölkəsi, ABŞ-ın strateji müttəfiqidir. ABŞ-ın Qətər ərazisində böyük hərbi kontingenti var. Yəni rəsmi Vaşinqton "taliblər”i məhz Qətər vasitəsilə nəzarətdə saxlamağı planlaşdırır. Amma Qətər həm də Türkiyənin müttəfiqidir. Buraya ABŞ-ın Yaxın Şərqdə strateji iki müttəfiqi - Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanının "Taliban”ı tanıyacaqları ilə bağlı mövqelərini də əlavə etmək lazımdır. Qətərdən fərqli olaraq bu iki ölkənin Türkiyə ilə münasibətləri ziddiyyətlidir. Türkiyə isə "Bir kəmər, bir yol" layihəsini dəstəkləyir. Türkiyə həm də Pakistanla müttəfiqdir. Pakistan həm də Çinlə yaxın strateji müttəfiqdir və sözügedən layihəni tam dəstəkləyir. Eyni zamanda "Taliban”la münasibətləri normaldır. Türkiyə ilə onun mövqeyi üst-üstə düşür. Ən əsası, "Taliban”a hakimiyyətini qoruyub saxlamaq üçün həm daxili, həm də xarici siyasətdə güvənə biləcəyi güc lazımdır ki, burada da Pakistan və Türkiyə ən doğru variant kimi görünə bilər. Nəhayət, Əfqanıstanın yenidən qurulmasında, xüsusilə də ordu quruculuğu və iqtisadi vəziyyətin normallaşdırılmasında "Taliban” üçün mümkün güc lazımdır ki, burada da Pakistan və Türkiyə daha mümkün variant kimi görünür. Türkiyə Əfqanıstanda mövcudluğunu qoruyarsa, dünya üçün vacib əhəmiyyətə malik Mərkəzi Asiya regionunda nüfuzunun daha da artmasına şərait yaradacaq. Çin, Rusiya, Hindistan və ABŞ-la yanaşı, Türkiyə də həm Əfqanıstanda, həm də Mərkəzi Asiyada əsas nüfuz sahiblərindən biri ola bilər. Təsadüfi deyil ki, bir neçə gün öncə Pakistanın baş naziri İmran Xan açıqlama verərək Türkiyə və "Taliban” arasında əlaqələrin yaxşılaşdırılması üçün lazım olan bütün imkanlardan istifadə edəcəklərini bildirib. Əfqanıstanı nə gözləyir? "Taliblər”in qlobal iddiaları var və əvvəlcə Asiya regionunun qonşu ölkələrinə - Özbəkistana, Qazaxıstana, Qırğızıstana öz təsirlərini yaymağa başlayacaqlar. Böyük ehtimalla, yaxın gələcəkdə onlar məhz bu ölkələri öz xütbələri üçün sevimli yerlər kimi seçəcəklər. Dəhşətli olan odur ki, "taliblər”in Əfqanıstanda qələbə qazanması müxtəlif terror təşkilatları üçün (İŞİD, Əl-Qaidə) "bizdə də alına bilər” düşüncəsinin yaranmasına gətirib çıxara bilər. O ki qaldı "Taliban”ın tanınmasına - hazırda dünya ölkələri buna can atmırlar, çünki əfqan mücahidləri ölkəni idarə etməyi indi-indi öyrənirlər. Bəli, onlar hərbi qələbə qazanıblar, Əşrəf Qənini deviriblər və şəriət normalarının yumşaldılmasını elan ediblər. Ancaq onlar dövləti necə idarə etməyi indi öyrənirlər. Təbii ki, indi "taliblər”in beynəlxalq aləmdə söylədikləri heç bir sözə inanmaq lazım deyil. Onların Əfqanıstanı necə idarə edəcəyini və qonşu ölkələr üçün hansı təhdidlər yarada biləcəyini zaman göstərəcək. Buna görə də, onlarla əlaqələr qurmağa bir çox ölkə tələsməyəcək. Əfqanıstanda vəziyyət yaxın bir ay ərzində yüz dəfə dəyişə bilər. Beləliklə, proseslərin gedişi hər kəsi narahat edir və düşündürür. "Taliban” həqiqətən kiminsə layihəsidir, ya müstəqil bir hərəkat kimi ortaya çıxıb? Bu suala yaxınlarda aydınlıq gələcək. Azər

Mənbə:
0
451
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar