Azərbaycan Təhsil Şəbəkəsinə sürətli fiber-optik bağlantıya keçid edən müəssisələrin sayı artırılır

Bakı. Trend:

Azərbaycan Təhsil Şəbəkəsi çərçivəsində yeni təhsil müəssisələrinin sürətli fiber-optik bağlantıya keçidi istiqamətində işlər aparılır. Cari ilin sonunadək ölkə üzrə 50 şəhər və regiondan 435 mindən çox şagirdi və 34 mindən çox müəllim heyətini əhatə edən 478 yeni təhsil müəssisənin şəbəkəyə şürətli fiber-optik bağlantı ilə qoşulması nəzərdə tutulur.

Fiber-optik internet bağlantısının təmin edilməsi məktəblərdə məlumatların ötürülmə sürətinin artırılması, yeni Wi-Fi zonalarının yaradılması, sinif otaqlarında yeni kompüter avadanlıqlarının qoşulması və bununla da daxili şəbəkənin genişləndirilməsini mümkün edəcək. Bununla yanaşı, məktəblərdə tədrisin innovativ formatda təşkil olunması, dərslərin kəsintisiz distant formatda keçirilməsi və dərs zamanı interaktiv alətlərdən istifadə üçün geniş imkanlardan faydalanmaq mümkün olacaqdır.

Qeyd edək ki, bu günədək Azərbaycan Təhsil Şəbəkəsinə 4299 təhsil müəssisəsi qoşulub, cari ilin sonunadək isə 4777 təhsil müəssisəsini əhatə etməsi gözlənilir. Azərbaycan Təhsil Şəbəkəsi müxtəlif pillələr üzrə təhsil müəssisələrini, eləcə də təhsil sahəsində dövlət siyasətini həyata keçirən qurumları vahid şəbəkədə birləşdirən təhsil sahəsində ölkənin ən böyük daxili şəbəkəsidir. Azərbaycan Təhsil Şəbəkəsinin təqdim etdiyi başlıca imkanlar internetə çıxışın təmin olunması, internetin zərərli məzmunlardan filtrasiyası, intranet şəbəkəsinin qurulması və intranet üzərindən rabitənin (İP telefoniya, video-konfrans) təşkili, təhsil müəssisəsində videomüşahidə xidmətinin qurulması, eləcə də şəbəkə və avadanlıqlara texniki dəstək xidmətinin göstərilməsidir.

Mənbə:
0
111
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar