11 sentyabr terroru dünyanın simasını dəyişə bildi? - TƏHLİL + VİDEO

Tofiq Abbasov: "Pərdəarxası sövdələşmələr daim gedir və fövqəl qüvvələr öz aralarında müəyyən planlar qururlar, çalışırlar ki, insanları manipulyasiyalar yolu ilə əsarətdə, xof altında saxlasınlar” 20 il əvvəl bütün dünyanın gözü ABŞ-a dikilmişdi. Həmin vaxt Nyu-York və Vaşinqton şəhərlərində silsilə terror aktları baş verdi. "American Airlines" şirkətinə məxsus sərnişin təyyarəsini ələ keçirən "Əl-Qaidə" terror təşkilatının üzvləri Nyu-Yorkda yerləşən Dünya Ticarət Mərkəzinə hücum edərək sərnişin dolu təyyarəni mərkəzin Şimal qülləsinə çırpdılar. Terrorçular ələ keçirdikləri ikinci təyyarə ilə də Cənub qülləsinə hücum etdilər. Hər iki qüllə bu tip zərbələrə qarşı davamlı tikilsə də, daxildə baş verən güclü partlayışlar nəticəsində dağıldı. Bu hücumdan 25 dəqiqə sonra eyni məqsədlə qaçırılan digər sərnişin təyyarəsinin hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulduğu açıqlandı. Həmin təyyarənin hədəfinin Ağ Ev olduğu bildirilirdi. Bu dəhşətli terror aktı nəticəsində 3 min insan həlak olub. ABŞ rəsmiləri bu hadisədən sonra bəyan edirdilər ki, dünyanın siması dəyişəcək. 11 sentyabr hadisəsi ötən 20 ildə dünyanın simasını dəyişə bildimi? "Şər qüvvə ilə qurucu qüvvə üz-üzə” Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında politoloq Tofiq Abbasov bildirdi ki, dünyanın siması heç vaxt dəyişmir, ancaq tərkib və mahiyyət dəyişir: "Yəni hər zaman şər qüvvə ilə qurucu qüvvə üz-üzə dayanır, daim mücadilə aparırlar. Burada əsas problem ondan ibarətdir ki, insanlar texnologiyalardan istifadə edərək göstərməyə çalışırlar ki, guya yeni bir siyasətə ehtiyac var və s. Ancaq mahiyyət etibarı ilə köhnə hamamdır. Biz elə öz regionumuzun timsalında da bunun təsdiqini tapırıq. Baxın, Azərbaycan və Ermənistan. Biz görürük ki, təkcə Ermənistanda yaşayanlar yox, bütün erməni toplumu Qafqaz bölgəsində özlərini şər qüvvə kimi aparırlar ki, vəziyyəti daima gərginlik altında saxlasınlar, resurslarımızın mənimsənilməsinə yol açsınlar, Azərbaycan, Türkiyənin nəcib işlərinin üstündən xətt çəksinlər”.
"Pərdəarxası sövdələşmələr daim gedir” Politoloq qeyd edib ki, 11 sentyabr hadisəsindən sonra ABŞ guya onun milli təhlükəsizliyinə təhlükə yaranması ilə bağlı çıxış etdi: "Çalışdı ki, bütün məsuliyyəti İslam dünyasının üzərinə atsın. Guya, "islam terroru” adı altında bir təhlükə var və bu, dünya birliyi üçün başağrısı olacaq. Amma əslində, belə deyil. Biz bilirik ki, pərdəarxası sövdələşmələr daim gedir və fövqəl qüvvələr öz aralarında müəyyən planlar qururlar, çalışırlar ki, insanları manipulyasiyalar yolu ilə əsarətdə, xof altında saxlasınlar. Əlbəttə ki, bu proseslərin arxasında şər qüvvə ilə qurucu qüvvələrin mücadiləsi durur. Sağlam ruhda öz gələcək nəsillərini yetişdirən cəmiyyətlər həmişə çalışırlar ki, tarixin qurucu tərəfində dayansınlar. Ona görə də, düşünürəm ki, dünyanın siması dəyişməyib, yenə eyni simadır. Biz burada riyakarlığı, yalanları görürük. Bunu bir tabloya bənzətsək, orada müxtəlif rənglər, çalarlar var. Hər rəngin də öz mənası var və mozaik tipli bir görüntüsü yaranır. Ona görə də, ürəyi açan çalarlar olduğu kimi, ürəyi ağrıdan rənglər də var. Hər halda, insanlara ümid verən odur ki, dünya nəcib, qurucu qüvvələrdən hali deyil və onlar əl-ələ verərək şər qüvvələrə qarşı mübarizə aparırlar”.
Bəxtiyar Məmmədli

Mənbə:
0
278
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar