Ərdoğan və Putin bölgədə söz sahibidir

Bayden Qarabağda gedən proseslərdən narahatdır

"ABŞ Azərbaycan və Ermənistan arasında kommunikasiyaların açılmasının tərəfdarı olsa da, bu məsələdə iştirak baxımından kənarda qalmış kimi görünür"

ABŞ Prezidenti Co Bayden bildirib ki, Amerika dünya arenasında lider olmaq niyyətindədir. Bayden qeyd edib ki, Avropada bir neçə sammitdə iştirak edəcək. Həmin tədbirlər arasında G7-lərin görüşü və NATO-nun iclası da var: “Sonra Putinlə görüşəcəm ki, o, nə istədiyimi bilsin”. Ağ Ev rəhbərinin sözlərinə görə, rusiyalı həmkarına bildirəcək ki, “Amerika qayıdıb”.
Qeyd edək ki, ABŞ və Rusiya rəhbərlərinin görüşündə Ukrayna məsələsi də müzakirə ediləcək. Bu barədə isə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Siyasi şərhçilərin fikrincə, Baydenin iddiaları, ələlxüsus “Amerika super güc olmağa qərar verib” düşüncəsi Putinlə məhsuldar görüşün şansını azaldır. Çünki Putin “Amerika qayıdır” mesajının nə anlama gəldiyini çox yaxşı dərk edir.
Baydenin açıqlamasını “Şərq”ə dəyərləndirən Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev deyib ki, ABŞ prezidentinin “G-7” sammiti öncəsi Türkiyə lideri və Rusiya Prezidenti Putinlə görüşü hazırlıq məqsədi daşıyır. Partiya təmsilçisinin fikrincə, Bayden NATO müttəfiqi Ərdoğanla məsləhətləşmələrə və bəzi razılaşdırılmış addımlara ehtiyac duyur:
"Son 10 ildə Putinin qarşısına güc nümayiş etdirməklə çıxa bilən yeganə dövlətin Türkiyə olduğu Ağ Evə də məlumdur. Eyni zamanda Ərdoğanın şəxsi keyfiyyətləri bu ölkənin bölgədə söz sahibi statusuna qaldırıb. Baydenin narahatlılığı həm də Qarabağda gedən proseslərlə bağlıdır. ABŞ Azərbaycan və Ermənistan arasında kommunikasiyaların açılmasının tərəfdarı olsa da, bu məsələdə iştirak baxımından kənarda qalmış kimi görünür.
Bu yaxınlarda Lavrovun Birgə Monitorinq Mərkəzi ilə bağlı müsbət fikirlər söyləməsi gələcəkdə bu əməkdaşlığın daha sıx formata keçəcəyi ehtimalını artırır. İsisna etmirəm ki, sülhməramlıların patrul fəaliyyətinə türkiyəli hərbiçilər də qoşula bilər. Bu isə ilk baxışdan ABŞ-ın bölgəyə birbaşa müdaxiləsinin qarşısını alır. Lakin Türkiyə həm də NATO üzvüdür. Ona görə də Bayden Türkiyə ilə münasibətlərdə yumşalmalara getməyə məcburdur”.
Siyasi şərhçiyə görə, Bayden Putinlə görüşə həm də əlində ən böyük “kozır” olan Ukraynanın NATO-ya üzv qəbul etmək iddiaları ilə gəlir:
“Putin çıxışı zamanı rus politoloqlarını Ukraynanın NATO-ya üzv iddialarına ciddi yanaşmamaqda ittiham etdi. Lakin prosesə start verilib və geriyə dönüş yoxdur. Bundan sonra növbə Gürcüstana çatacaq və zəncirvari olaraq NATO keçmiş sovet respublikaları hesabına genişlənəcək. Əgər Rusiya “qardaş respublikalara” səmimi və gerçək dostluq münasibətləri sərgiləməyə başlamazsa, Rusiyanın “super güc” arzusu xam xəyaldan ibarət olacaq. Buna əyani misal Türkiyə-Rusiya münasibətləridir. Mövcud vəziyyət Baydenə də aiddir. Türkiyə ilə sıx siyasi-hərbi əməkdaşlığı olmayan ölkə super güc olmaq iddialarından əl çəkməlidir”.

0
97
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar