Azərbaycan klubları Anım Gününü necə xatırladı? - FOTOLAR

Bu gün Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə başladılan Vətən müharibəsində canlarından keçən qəhrəman şəhidlərimizin Anım Günüdür.

Azərbaycan Premyer Liqasının 25-26 sentyabr tarixlərində keçirlən 5-ci turunun görüşləri də bu günün xatırlanması ilə yadda qaldı.

Sportinfo.az klublarımızın bu günə olan diqqətini özündə əks etdirən fotoları sizə təqdim edir.

Turun açılış matçı "Keşlə" və "Qarabağ" arasında baş tutdu. Komandalar "ASK arena"nın meydanına əllərində "Qəhrəmanları olan vətənin bayrağı enməz" yazısı ilə çıxdılar.

Qonaqların "İmarət" azarkeş qrupu isə tribunalarda "Qələbə sadəcə inamdır" yazılan pankartı asmışdı.

Turun ikinci görüşü "Səbail" - "Zirə arasında keçirildi. Burada da qəhrəmanlarımız unudulmadı. Futbolçular "Şanlı tarixi qanla yazanlar, sizi unutmadıq" şuarı ilə "ASKO Arena"ya ayaq basdılar.

Yerli azarkeşlər də tarixi günə biganə qalmayaraq şəhid qəhrəmanların fotolarını olduqları tribunaya yerləşdirmişdilər.

Turun üçüncü görüşü son çempion "Neftçi" ilə "Sabah" arasında baş tutdu. Komandalar meydana şəhid övladları ilə ayaq basdılar. Həqiqətən gözəl və alqışa layiq addım idi.

Qonaqların ən böyük azarkeş qrupu olan "Forza Neftçi" isə oyunun gedişində "Mərmidən deyil, unudulunca ölər şəhidlər" yazısını açmaqla anım gününü yada salmış oldular.

Turun bağlanış matçı Sumqayıtda baş tutdu. Burada yerli komanda "Qəbələ"ni qəbul edirdi. Tərəflər Azərbaycan bayrağının rənglərinə həkk edilmiş "Əsrə bərabər bir il! 27 sentyabr - Zəfər tariximizin başlanğıcı!" sözlərlə meydana çıxdılar.

"Sumqayıt" rəhbərliyinin Qəbələdə doğulan, amma ömrünün böyük hissəsini Sumqayıtda yaşayan əfsanə General, Milli Qəhrəman Polad Həşimovun anlamlı yazılı fotosunu tribunadan asması da alqışa layiq addım idi.

Sadaladıqlarımızdan əlavə bütün görüşlərdə Azərbaycan himni səsləndi və şəhidlərimiz 1 dəqiqəlik sükütla yad edildi.

Əminliklə demək olar ki, çempionatlar tariximizin ən dəyərli turunu arxada qoymuş olduq. Bu qüruru bizə yaşadan bütün şəhid və qazilərimizin qarşısında baş əyirik. Sizlər tək 27 sentyabr yox, bütün tarix boyu anılacaq və qəlbimizdə əbədi yaşayacaqsınız.

Xanoğlan İmanov / Sportinfo.az

Mənbə:
0
767
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar