Ekspert: “Benzinin bahalaşması avtomobilləşmə prosesinə də mənfi təsir göstərəcək”

“95 və 98 oktanlı benzinin qiymətinin ardıcıl olaraq qalxması avtomobildən istifadə prosesinə və yanaşmalara təsir edəcək”. 1news.az xəbər verir ki, bunu avtomobil sahəsi üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov deyib. O, qeyd edib ki, fərdi avtomobil həvəskarları köhnə avtomobillərə daha çox meyl edəcəklər. “Bunun səbəbi belə avtomobillərin yerli istehsal olaraq hələlik ucuz olan 92 oktanlı benzini rahat işlətməsidir. Dizel mühərriklərinə də maraq artacaq. Bunlar isə avtomobillərin ekoloji zərəri baxımından yaxşı hal deyil. Yüksək oktanlı benzinin qiymətinin qalxması elektromobillərə və hibridlərə marağı artıracaq. Xüsusən elektromobillərə marağın getdikcə artması gözləniləndir və bunun üçün həm dövlət, həm də biznes təsisatları zəruri addımlar atmalıdırlar. Benzinin qiymətinin artması bütövlükdə avtomobilləşmə prosesinə də mənfi təsir göstərəcək”. “Bundan təkanvaerici amil kimi istifadə edilərək ictimai nəqliyyatın inkişaf etdirilməsi, velosipedin real nəqliyyata çevirilməsi və populyarlaşdırılması istiqamətində ciddi işlər görmək lazımdır” – deyə, Ə.Hüseynov sözlərinə əlavə edib:
“İctimai nəqliyyatda xidmət keyfiyyətini artırmaq, onun şəbəkəsini genişləndirmək, yeni növlərini yaratmaq və s. bu kimi tədbirlər fərdi avtomobillərdən istifadəyə marağı azalda bilər. Qeyd etdiklərimin hamısı müvafiq dövlət qurumları tərəfindən aydın və dəqiq hədəfləri olan nəqliyyat (və ya mobillik) strategiyası (və ya konsepsiyası) əsasında həyata keçirilməlidir. Amma bizimkilərdə həmin strategiya varmı? Tərpənmək lazımdır. Görüləcək işlər çoxdur. Çox gecikmişik…”.

Qeyd edək ki, Azərbaycanda bu gündən AI-95 ("Premium") və AI-98 ("Super") benzinlərinin qiyməti 1,45 və 1,6 manatdan müvafiq olaraq 1,6 və 1,9 manata qalxıb.

Mənbə:
0
81
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar